“Alkar” ilə silahlandırılan “Vuran”lar Türkiyə Jandarma Qüvvələrinin inventarına daxil edilib

“Alkar” ilə silahlandırılan “Vuran”lar Türkiyə Jandarma Qüvvələrinin inventarına daxil edilib

ASELSAN şirkətinin 120 mm-lik “Alkar” avtomatik minaatan sistemi ilə silahlandırılan “Vuran” zirehli maşınları Türkiyənin Jandarma Baş Komandanlığının inventarına daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Jandarma Baş Komandanlığının rəsmi “Twitter” hesabında paylaşım olunub.

Paylaşımda “Alkar” sistemli “Vuran” zirehli maşınlarının terrorla mübarizə əməliyyatlarında Jandarma Qüvvələrinin atəş dəstəyi gücünü artıracağı bildirilib.

Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilən “Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Yüksək manevr imkanlarına sahib olan zirehli maşın güclü mühərriklə təchiz edilib. Bu da ona maksimum 110 km/saat sürətlə hərəkət etmək imkanı verir.

Çoxməqsədli əməliyyatların icrası üçün nəzərdə tutulan zirehli maşın müxtəlif tipli silah sistemi ilə silahlandırıla bilər.

ASELSAN-ın hazırladığı “Alkar” avtomatik minaatan sistemini həm nəqliyyat vasitələrinin, həm də sabit platformaların üzərinə inteqrasiya etmək mümkündür. ADOP-2000 Avtomatlaşdırılmış Atəş Dəstək Sistemi ilə komplektləşdirilə bilinən “Alkar” 360 dərəcə bucaq altında atəş etmək imkanına sahibdir.

Sistem istifadəçiyə 120 mm-lik həm yivli, həm də yivsiz minaatan lülələrini inteqrasiya etməyə imkan verir. Hədəfə avtomatik olaraq yönələn “Alkar”ın mərmisi də avtomatik yüklənir. Siste gecə və gündüz, hər cür ərazi və hava şərtlərində xidmət göstərə bilir. Onun atəş məsafəsi 1500-8000 metr, döyüşə hazırolma müddəti isə 1 dəqiqədir.

Poliqon.az

CATEGORIES
TAGS