
Almaniya 5 ədəd P-8A “Poseidon” təyyarəsi sifariş edib
ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) “Boeing” şirkəti ilə Almaniya HDQ üçün 5 ədəd P-8A “Poseidon” patrul təyyarəsinin tədarükü haqqında müqavilə imzalayıb.
“Poliqon” “Boeing” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk tədarüklərin 2024-cü ildə başlayacağı planlaşdırılır, P-8A “Poseidon” son nəticədə Almaniyadakı P-3C “Orion” donanmasını əvəz edəcək.
“Boeing” şirkəti yerli tərəfdaşlarla əməkdaşlıq edərək Almaniya HDQ-inin tapşırıqlarını yerinə yetirməyə maksimum hazır olmasını təmin edəcək, gələcək təyyarələrə dəstək, təlim və texniki xidmət göstərəcək.
Dünyanın qabaqcıl aerokosmik şirkəti olaraq, “Boeing”, 150-dən çox ölkədəki müştəriləri üçün ticari təyyarələr, müdafiə məhsulları və kosmik sistemləri inkişaf etdirir, istehsal edir və xidmət göstərir. Almaniya sənayesi də P-8A “Poseidon” proqramının vacib tərəfdaşıdır. Bu ilin 17 iyun tarixində “Boeing” şirkəti “ESG Elektroniksystem-und Logistik-GmbH” və “Lufthansa Technik AG” şirkətləri ilə sistem inteqrasiyası, təlim və dəstək sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalayıb.
Hal-hazırda P-8A “Poseidon” təyyarəsi üçün hissələr tədarük edən Almaniya şirkətləri arasında “Aircraft Philipp Group GmbH”, “Aljo Aluminium-Bau Jonuscheit GmbH” və “Nord-Micro GmbH” şirkətləri yer tutur. Bu müqavilədən sonra, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Hindistan, Böyük Britaniya, Norveç, Koreya və Yeni Zelandiyaya qoşularaq P-8A “Poseidon” patrul təyyarələri alan səkkizinci ölkə olur.
P-8A “Poseidon” təyyarəsi patrulluq rayonlarında düşmənin sualtı gəmilərini aşkar etmək və məhv etmək üçün hazırlanmış patrul gəmi əleyhinə təyyarədir. O, həmçinin kəşfiyyat apara, gəmi əleyhinə və xilasetmə işlərində iştirak edə bilər. P-8A “Poseidon” təyyarəsi “Boeing” 737-800ERX mülki sərnişin təyyarəsinin əsasında yaradılıb. ABŞ HDQ 2010-cu ilin avqustunda təyyarənin istehsalına icazə verib. “Poseidon” 6 xarici və 5 daxili asma nöqtəsi ilə 9 tona qədər silah daşıya bilir. Bu asma nöqtələrinə gəmi əleyhinə və qanadlı raketlər, torpedalar, dəniz minaları və aviasiya bombaları quraşdırıla bilir.
Əsas texniki xassələri: heyəti – 9 nəfər (2 pilot, 7 operator); uzunluğu – 39.47 m; qanad açıqlığı – 37.64 m; hündürlüyü – 12.83 m; qanadının sahəsi – 133.59 m²; boş vəziyyətdə kütləsi – 41 434 kq; maksimal uçuş kütləsi – 85 820 kq; daxili çənlərdəki yanacağın kütləsi – 34,096 kq; güc qurğusu – 2 ədəd CFM International CFM56-7B turboreaktiv mühərrik; dartqı qüvvəsi – 2 × 120 kN.
Əsas uçuş xassələri: maksimum uçuş sürəti – 907 km/saat; kreyser sürəti – 815 km/saat; patrlluq/axtarış sürəti – 60 m hündürlükdə 333 km/saat; döyüş radiusu – 3700 km; uçuş məsafəsi – 8,300 km; praktiki uçuş tavanı – 12500 m.
Əhəd Əzizov