
Almaniya “Arrow-3” ZRK sifarişini 6.7 milyard ABŞ dollarına yüksəldib
Almaniya Bundestaqının təsdiqindən sonra İsrail və Almaniyanın Müdafiə nazirlikləri “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən istehsal olunan “Arrow-3” zenit-raket kompleksinin (ZRK) tədarükünə dair müqavilənin genişləndirilməsini imzalayıblar.
Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, sazişin imzalanma mərasimi Almaniyada baş tutub. İki il əvvəl (2023-cü ilin sentyabrında) imzalanmış ilkin razılaşmanı tamamlayan genişləndirilmiş müqavilənin dəyəri təxminən 3.1 milyard ABŞ dolları təşkil edir.
İlkin və genişləndirilmiş sazişlərlə birlikdə Almaniyanın “Arrow-3” sifarişinin ümumi dəyəri təxminən 6.7 milyard dollar olub ki, bu da İsrail tarixində ən böyük müdafiə ixrac müqaviləsi hesab edilir.



