Almaniya hökuməti Ukraynaya PzH-2000 ÖAQ tədarük edəcək

Almaniya hökuməti Ukraynaya PzH-2000 ÖAQ tədarük edəcək

Almaniya hökuməti Ukraynaya 7 ədəd “Panzerhaubitzen 2000” (PzH-2000) özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük edəcək.

“Poliqon” xəbər verir ki, Kansler və Müdafiə Nazirliyinin qərarı, görünür, Bundesverdəki aparıcı hərbi qulluqçuların məsləhətinə zidd olaraq qəbul edilib. Belə ki, qərarın Almaniya hərbi komandanlığının xəbərdarlıqlarına baxmayaraq qəbul edildiyi bildirilir.

Məlumata görə, Almaniya hərbi rəhbərliyi qeyd edib ki, Bundesverin inventarındakı 119 ədəd PzH-2000 ÖAQ-dan yalnız 40-a yaxını işlək vəziyyətdədir və öz ehtiyacları üçün əvəzolunmazdır. Mürəkkəb, rəqəmsal atəşi idarəetmə sisteminə malik silahların Ukrayna ordusunda istifadəsi də sual altındadır. Lakin hökumət bu narahatlıqlara məhəl qoymayıb – baxmayaraq ki, onun siyasi maksimumlarından biri Bundesveri zəiflətməmək və Ukraynaya silah tədarükü üzrə ittifaqlar yaratmaq qabiliyyətidir.

Federal hökumət PzH-2000 ÖAQ-larını Ukraynaya Bundesverin ehtiyatlarından çatdırmaq qərarına gəlib. Beləliklə, söhbət Ukraynaya veriləcək 7 ədəd PzH-2000 ÖAQ-dan gedir. Yaxın dövrlərdə Ukrayna hərbçiləri təlimə başlayacaq və silah sistemi üzrə təlimlər bütünlüklə Almaniyada keçiriləcək.

Bundan başqa, daha əvvəl Niderland Ukraynaya 5 ədəd ÖAQ vəd edib.

155 mm-lik PzH-2000 ÖAQ özündə “Leopard-2” tankının qovşaq və aqreqatları əsasında qurulmuş tırtıllı şassi üzərində qapalı tipli top-haubitsanı tərənnüm edir. Atış aparmaq üçün NATO ordularında standart olan ayrı doldurumlu atəş yığımlarından istifadə olunur. Top-haubitsa lüləağzı əyləc və ejektorla təchiz edilib, yivli kanalı olan silahın lüləsi 52 çap uzunluğuna və yanma kamerasına malikdir. PzH-2000 ÖAQ 40 kilometrə qədər atəş edə bilən ağır artilleriya qurğusudur.

Rusiyanın Ukraynaya hücumundan iki gün sonra Almaniya hökuməti döyüş bölgəsini silahla təmin etmək qərarına gəlib. Qeyd olunur ki, Almaniya hakim dairələri ötən həftə Ukraynaya ağır silahlar vermək barədə qərar qəbul edib. Söhbət 50 ədəd FlakPza “Gepard” özüyeriyən zenit qurğusundan gedir.

Ümumilikdə Ukrayna hökumət dairələrinin məlumatına görə, aprelin 21-dək Almaniyadan Ukraynaya 2500 ədəd zenit raketi, 900 ədəd tank əleyhinə reaktiv qumbaraatan və onların 3000 ədəd atəş yığımı, 100 ədəd pulemyot, 15 ədəd tank əleyhinə kompleks və onlar üçün 50 ədəd raket gəlib. Həmçinin 100 min dəst əl qumbarası, 2000 dəst mina, 5300 ədədə yaxın partlayıcı atım və avtomatlardan tutmuş ağır pulemyotlara qədər əl atıcı silahı üçün müxtəlif çaplı 16 milyon ədəd patron tədarük olunub.

Bildirilib ki, Almaniyadan “Leopard” kimi Qərb nümunəli əsas döyüş tanklarının Ukraynaya çatdırılması hələlik planlaşdırılmayıb.

FlakPza “Gepard” özüyeriyən zenit qurğusu

“Panzerhaubitze 2000” (PzH-2000) özüyeriyən artilleriya qurğusu

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş