Almaniyada yeni RCH 155 özüyeriyən haubitsa sınaqdan keçirilir

Almaniyada yeni RCH 155 özüyeriyən haubitsa sınaqdan keçirilir

Almaniya Silahlı Qüvvələri yeni RCH 155 təkərli özüyeriyən artilleriya qurğusunun (ÖAQ) sınaqlarına başlayıb.

“Poliqon” “Welt” nəşrinə istinadən xəbər verir ki, Almaniyanın bu yeni artilleriya sisteminin ilk müştərisi Ukraynadır.

Bildirilib ki, indi Bundesver üçün yeni nəsil haubitsaların alınması istiqaməti təyin edilir.

Almaniya Ordusu tərəfindən RCH 155 ÖAQ prototipinin sınaqları 2023-cü ilin fevral-may aylarında keçiriləcək.

155 mm çaplı RCH 155 (Remote Controlled Howitzer 155) artilleriya qurğusu 8×8 təkər formuluna malik GTK Boxer (Gepanzerte Transport Kraftfahrzeug Boxer) təkərli zirehli transportyorunun şassisində hazırlanıb. O, Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkəti tərəfindən yaradılıb.

Sistemdə Almaniyanın PzH 2000 özüyeriyən haubitsasının artilleriya hissəsi olan avtomatlaşdırılmış AGM (Artillerie-Geschütz-Modul) qülləli artilleriya modulu yerləşdirilib. Haubitsanın lüləsinin uzunluğu 52 çapa bərabərdir.

Müasir artilleriya qurğusu olan RCH155 çox böyük üstünlüklərə malikdir. Bunlardan ən əsası isə onunla döyüşməyin sələflərinə nisbətən daha çətin olmasıdır, çünki ÖAQ hərəkətdə olduğu zaman atəş açmaq imkanına malikdir.

AGM modulu insansızdır, ona görə də RCH 155 özüyeriyən artilleriya qurğusunun heyətində ​​cəmi iki nəfər var. AGM modulunun döyüş dəsti 30 mərmi və 144 modul atımdan ibarətdir. İstehsalçı qeyd edir ki, haubitsanın atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 40-50 kilometrdir.

RCH 155 təkərli ÖAQ-ın ümumi döyüş kütləsi 39 ton, AGM modulunun kütləsi isə 12,5 tondur. Maşın 815 at gücünə malik MTU dizel mühərriki ilə təchiz edilib.

Bu ilin əvvəlində məlum olub ki, Almaniyanın KMW şirkəti Ukrayna üçün RCH 155 özüyeriyən artilleriya qurğularının istehsalına başlayıb.

Ötən ilin dekabrında Almaniya hökuməti Ukrayna üçün ən son RCH 155 təkərli artilleriya qurğularından 18 ədəd hazırladığını rəsmən təsdiqləyib. Bildirilir ki, 2022-ci ilin iyulunda Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyaya müvafiq sorğu ilə müraciət edib.

İstehsal Almaniyanın Ukraynaya yardım fondunun vəsaiti hesabına maliyyələşdirilir. Müqavilənin gözlənilən dəyəri təxminən 216 milyon avrodur. Əvvəllər bildirilmişdi ki, istehsalçı işə başlayandan 30 ay sonra ilk özüyeriyən silahları təhvil verə biləcək.

Xatırladaq ki, “Krauss-Maffei Wegmann” şirkəti 2014-cü ildə yeni RCH 155 AGM ÖAQ üzərində işə başlayıb. Şirkətin niyyəti PzH 2000 ÖAQ qülləsinin “insansız” ediləcəyi və təkərli zirehli transportyora quraşdırılacağı təqdirdə nə alınacağını sınaqdan keçirməkdən ibarət idi.

2019-cu ildə sınaqlardan keçirilən ilk sınaq maşını əla olduğunu sübut edib. Məlum olub ki, “Boxer” təkərli şassisi 60 tonluq təpmə qüvvəsinə tam tab gətirə bilir və atəş zamanı dayanıqlığı təmin etmək üçün hər hansı əlavə qundaqların quraşdırılmasına ehtiyac yoxdur.

RCH 155 AGM dayandıqdan 10 saniyə sonra atəş aça bilər, həmçinin atəş mövqeyini tərk etmək üçün ona eyni 10 saniyə lazımdır. Eyni zamanda, bir dəqiqə ərzində ÖAQ doqquz atəş aça bilir.

Əsas taktiki-texniki xassələri:

  • əsas silahı – 155 mm/L52 lüləli haubitsa (NATO Joint Ballistics Memorandum of Understanding (JBMoU) ilə uyğunlaşdırılıb)
  • atəş tezliyi – dəqiqədə 9 atış
  • üfiqi tuşlama bucağı – 360°
  • şaquli tuşlama bucağı – -2.5°…+ 65°
  • atəş məsafəsi – adi mərmi ilə – 40 km-ə qədər; V-LAP mərmi ilə 54 km-ə qədər və VULKANO, EXCALIBUR tipli döyüş sursatından daha böyük məsafələr
  • döyüş dəsti – 30 mərmi və 144 modul atım
  • ikinci silahı – uzaqdan idarə olunan silah modulu
  • düzünə tuşlama – istəyə bağlı olaraq optronika və ya uzaqdan idarə olunan silah modulu ilə
  • döyüş kütləsi – < 39,0 ton
  • qabarit ölçüləri (UxExH) – ~ 10.40m x 2.99m x 3.60m
  • mühərrikin gücü və markası – 600 kVt/815 at gücünə malik MTU mühərriki
  • şossedə maksimal hərəkət sürəti – >100 km/saat
  • şossedə yanacaq üzrə gediş ehtiyatı – 700 km
  • heyəti – 2 nəfər

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS