
Almaniyanın KF41 “Lynx” PDM-nə “Spike” tank əleyhinə raketləri inteqrasiya edilib
Almaniyanın “Lynx” ən son model piyada döyüş maşını (PDM) müştərinin tələblərinə uyğun olaraq müxtəlif silahlarla təchiz oluna bilər.
“Poliqon” xəbər verir ki, “Rheinmetall” şirkəti “YouTube” kanalında KF41 “Lynx” PDM-ə inteqrasiya olunmuş “Spike” tank əleyhinə idarə olunan raketlə (TƏİR) hədəfin vurulmasının videosunu yayımlayıb. Beləliklə, Almaniya müdafiə şirkəti bu silahın döyüş maşınına inteqrasiyasının uzun tarixinə son qoyub.
Bildirilib ki, sınaqları uğurla başa vurduqdan sonra “Rheinmetall” şirkəti sifariş edilərsə, yeni tırtıllı PDM-ni belə müasir TƏİR-lərlə təchiz etməyə hazırdır.
KF41 (Kettenfahrzeug 41) versiyasında “Lynx” PDM ilk dəfə 2016-cı ildə təqdim edilib. Burada KF – Kettenfahrzeug – tırtıllı maşını, rəqəm boş maşının kütləsini tonla ifadə edir. Döyüş maşınının əsas silahı 30 və ya 35 mm-lik top və tank əleyhinə raketlər üçün buraxma qurğusu olan LANCE qülləsidir.
KF41 “Lynx” PDM maşının müdafiəsini (modul zireh, aktiv sistemlər) və şərait məlumatlılığını artıran müasir texnologiyalardan istifadə etməklə hazırlanıb.
KF41 “Lynx” PDM üç heyət üzvü və doqquza qədər desant da daxil olmaqla 12 nəfəri daşıyır.
“Lynx” heyəti minalar və əldəqayırma partlayıcı qurğular, atəş, kasset sursatları və tank əleyhinə idarə olunan raketlər də daxil olmaqla müxtəlif təhlükələrdən qoruyur.
KF41 “Lynx” PDM-in uzunluğu 7,7 m, eni 3,6 m, hündürlüyü isə 3,3 m-dir. Maşın 850 kVt (1156 at gücü) gücündə “Liebherr” mühərriki və “Renk” transmissiyası ilə təchiz olunub. Şossedə maksimal hərəkət sürəti 70 km/saatdır, yanacaq üzrə gediş ehtiyatı 500 km-dən çoxdur.
35 mm-lik topla silahlanmış Lance 2.0 qülləli konfiqurasiyada KF41 “Lynx” PDM-in kütləsi təxminən 45 tondur.
“Spike-LR” (“Long Range”) çoxməqsədli tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) 200 m-dən 5,5 km-ə qədər məsafədə düşmənin müasir zirehli texnikasını, istehkamlarını, canlı qüvvəsini məhv etmək üçün təyin edilib. “Spike-LR” döyüş helikopterlərini, suüstü gəmiləri silahlandırmaq və müxtəlif tipli özüyeriyən şassilərə quraşdırılmaq üçün, eləcə də daşınan versiyada istifadə olunur.
Əhəd Əzizov