
STM şirkəti sabit qanadlı zərbə PUA ailəsinin yeni üzvü olan ALPAGU-B modelini SAHA 2026 sərgisində ilk dəfə nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, ALPAGU-nun daha böyük və uzaqmənzilli versiyası olan ALPAGU-B, süni intellekt dəstəyi ilə hədəf izləmə qabiliyyəti və yüksək partlayıcı gücü ilə müasir döyüş meydanında zərbə imkanını strateji səviyyəyə yüksəldir.
Yeni PUA barədə danışan STM-in baş direktoru Özgür Güleryüz ALPAGU-B-nin əməliyyat çevikliyinə diqqət çəkib: “10 km mənzilli ALPAGU və uzunmənzilli kamikadze PUA sistemlərimiz arasındakı kritik boşluğu ALPAGU-B ilə doldururuq. Bu yeni addımla taktiki sahədən dərin əməliyyat sahəsinə qədər tam avtonom zərbə gücümüzü tamamlamış oluruq. ALPAGU ilə əldə etdiyimiz təcrübəni sahədən gələn geri bildirişlərlə birləşdirərək daha böyük və daha effektiv platforma yaratdıq. 20 kq-dən az çəkisinə baxmayaraq 4 kq döyüş başlığı daşıya bilən bu sistem xüsusi təyinatlılar və piyada bölmələri üçün mühüm güc yaradır”.
Yeni PUA-nın artıq sahə sınaqlarına başlanıldığını bildirən baş direktorun sözlərinə görə, riskli ərazilərə girmədən yüksək dəyərli hədəfləri məhv edə bilən ALPAGU-B milli proqram təminatı, inkişaf etmiş elektron təhlükəsizlik və süni intellekt əsaslı idarəetmə sistemi ilə STM-in mühəndislik gücünü bir daha sübut edir.
ALPAGU-B süni intellekt dəstəkli görüntü emal texnologiyası ilə təchiz olunub. Hərəkətli və sabit hədəfləri avtonom şəkildə müəyyən edib izləyə bilən sistem, son mərhələdə dəqiq dalış həyata keçirərək hədəfi zərərsizləşdirir. Aşağı radar görünürlüyü və zəif akustik izi sayəsində radar və hava hücumundan müdafiə sistemlərinə qarşı effektivlik üçün hazırlanıb. MIL-STD 331 standartına uyğun olması ilə PUA, istifadəçi təhlükəsizliyini maksimum səviyyədə təmin edir. Missiyanın ləğvi və havada özünü məhvetmə rejimləri sayəsində operativ nəzarət daim istifadəçidə qalır. EO/IR (elektro-optik/infraqırmızı) kamera ilə gecə və gündüz fasiləsiz fəaliyyət göstərə bilir.
ALPAGU-B-nin texniki xüsusiyyətləri:
- Rabitə məsafəsi – 40 km (LOS)
- Havada qalma müddəti – 40 dəqiqə
- Döyüş başlığı – 4 kq (qəlpə təsirli)
- PUA-nın çəkisi – 20 kq
- Missiya hündürlüyü – <500 m (AGL)
- Görüntüləmə – EO/IR kamera sistemi.






