AMEA-nın Elm və Texnologiya Parkı üç yeni pilotsuz uçuş aparatı hazırlayıb – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Texnologiya Parkı multikopter tipli 3 yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Bu barədə “AzeriDefence”yə “Caspian Oil&Gas 2017” sərgisi zamanı  Elm və Texnologiya Parkının nümayəndəsi məlumat verib.

Sərgidə nümayiş olunan multikopterlər barədə məlumat verən müəssisə nümayəndəsi bildirib ki, bu pilotsuz uçuş aparatları neft kəmərlərinə nəzarətlə yanaşı hərbi məqsədlər üçün də istifadə oluna bilər.

“Əqrəb”, “Universal dron” və “X-Rotor” dron adı verilmiş PUA-lardan “Əqrəb”in maksimal uçuş məsafəsi 10 km, sürəti 80 km/saat, yük götürmə qabiliyyəti 5-10kq-dır. PUA-nın maksimum uçuş vaxtı isə 1 saatdır. PUA termal müşahidə kamerası ilə təchiz olunub.

“Universal” dronun texniki göstəriciləri demək olar ki, Əqrəb dronu ilə eyni səviyyədədir. Maksimum uçuş məsafəsi 10 km, sürəti 80 km/saat, yük götürmə qabiliyyəti 5 kq, maksimum uçuş vaxtı 60 dəqiqədir.

Hər iki drondan fərqli olaraq “X-Rotor”un maksimal sürəti 120 km/saat, uçuş məsafəsi 10 km, yük götürmə qabiliyyəti 5 kq, maksimal uçuş vaxtı isə 40-60 dəqiqə təşkil edir.

“Hər üç dronun prototipləri hazırlanıb və testlərdən keçib. Sifariş olarsa istehsalına başlamaq olar”, – deyə müəssisədən bildirilib.

amea dron 1 e1496316696524

CATEGORIES