ANAMA Ceyrançöldə minatəmizləmə əməliyyatında iştirak edəcək heyətin təlimlərinə başlayıb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ceyrançöldə mina və partlamamış sursatların təmizlənməsi prosesində iştirak edəcək heyət üçün təlimlərə başlayıb. Bu barədə “AzeriDefence”yə ANAMA-nın baş əməliyyat meneceri Adil Aslanov məlumat verib.
ANAMA nümayəndəsinin sözlərinə görə, hazırda Agentliyin Göygöl Regional Bazasında əməliyyatlarda iştirak edəcək heyətə minalı sahələrin texniki tədqiqatını, kəşfiyyat işlərini aparmaq üçün təlimlər keçirilir. Mart ayında isə heyətə Əsas Humanitar Minatəmizləmə Kursu keçiləcək. Aprel ayının əvvəllərində isə Ceyrançöldə əməliyyatlara start veriləcək.
Əməliyyatlara ANAMA-nın 45 nəfərə yaxın heyəti və 1 ədəd mexaniki minatəmizləmə maşını cəlb olunacaq.
Martın 6-da layihəni dəstəkləyən NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) nümayəndəsi layihə ilə tanış olmaq üçün Bakıya gələcək.
Ceyrançöldə təmizləməyə açılacaq 19 mln. kvadratmetr ərazinin 7 mln.kvadratmetri minalı, 12 mln.kvadratmetri isə döyüş sursatları ilə çirklənmiş ərazidir.