ANAMA-da BMT-nin rezident əlaqələndiricisi ilə görüş keçirilib
2021-ci il 25 oktyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, dövlətin prioritetlərinə əsasən planlaşdırılan layihələr, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat təqdim olunub.
Görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında mövcud olan sıx əməkdaşlıq tarixçəsi vurğulanıb. Həmçinin, mina qurbanlarına yardım, beynəlxalq standardlar əsasında milli minatəmizləmə standardlarının təkmilləşdirilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə mümkün dəstəyin göstərilməsinə dair müzakirələr aparılıb.
BMT-nin rezident əlaqələndiricisi minatəmizləmə istiqamətində görülən işlərin həcmindən təsirləndiyini və müzakirə edilmiş mövzular üzrə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.