ANAMA minaaxtaranları üçün Zəngilanda yeni mobil sahə düşərgəsi inşa edilib

ANAMA minaaxtaranları üçün Zəngilanda yeni mobil sahə düşərgəsi inşa edilib

Azərbaycan Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb.

Bu barədə “Poliqon”a Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, habelə digər məsul vəzifəli şəxslər iştirak edib və onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.

Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol – voleybol meydançası və idman trenajorları ilə təmin edilib.

Konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində ANAMA tərəfindən müvafiq fəaliyyət həyata keçirilir.

ANAMA işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də zəruri tədbirlər yerinə yetirir.

1 22 2 22 3 17 4 14

Poliqon.az

CATEGORIES
TAGS