ANAMA minatəmizləmə potensialını gücləndirir – MÜSAHİBƏ
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Əməliyyat şəbəsinin meneceri Samir Poladovun AZERİ DEFENCE jurnalına müsahibəsi
– Samir müəllim, ötən bir il ərzində ANAMA-nın fəaliyyətində hansı yeniliklər oldu? Agetliyin həyata keçirdiyi əməliyyatlar, mina və PHS-lərin ləğvi istiqamətində görülən cari işlər barədə məlumat verməyinizi istərdik.
– ANAMA-nın əməliyyatları dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu proqramdan əlavə olaraq, xüsusi dövlət sifarişlərinə uyğun əməliyyatlar reallaşdırılır. Dövlət proqramına cəbhə bölgəsi rayonlar və işğaldan azad olunmuş bölgələr daxildir. ANAMA-nın həmin bölgələrdə həyata keçirdiyi əməliyyatlar regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsindədir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda mina problemi ilə yanaşı partlamamış hərbi sursat problemi mövcuddur. Bu problem tək Ermənistanla sərhəd və ya Dağlıq Qarabağdakı hərbi əməliyyatlar getmiş ərazilərdə mövcud deyil. Həm də keçmiş SSRİ-nin Azərbaycan ərazisində olan hərbi bazalarında, təlim poliqonlarında belə təhlükə mənbələri mövcuddur və tərəfimizdən həmin ərazilərdə əməliyyatlar aparılır. Bunlardan xüsusi olaraq, “Ceyrançöl” layihəsini qeyd etmək istəyirəm. Bu layihə 3 fazaya bölünüb və NATO-nun Təchizat Agentliyi (NSPA) ilə birgə həyata keçirilir. “Ceyrançöl” layihəsinin birinci fazası bir il əvvəl yekunlaşıb və ikinci fazanın icrasına başlamışıq. Əməliyyatlar uğurla davam edir.
Birinci fazada 19 milyon kvadrat metr ərazinin təmizlənməsi nəticəsində 15 minə yaxın PHS, 200-ə yaxın mina tapılıb zərərsizləşdirilidi. İkinci fazada, cari ilin iyul ayınadək davam etmiş bir il ərzində 9 milyon 753 min kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş PHS-lərin sayı 6930-dur. Xüsusi olaraq, qeyd etmək istəyirəm ki, 2 il davam etməsi nəzərdə tutulan bu fazada 24 milyon kvadrat metrlik ərazinin təmizlənməsi planlaşdırılır. 2016-cı ilin iyulunda Ceyrançöl layihəsinin ikinci fazası da bitəcək. Amma indidən NATO-da olan partnyorlarımızla 3-cü fazanın həyata keçirilməsinə dair danışıqlar aparırıq. Bizim partnyorparımız bu layihənin davam etdirilməsində çox maraqlıdırlar.
– Üçüncü faza nə qədər müddəti əhatə edəcək?
– Bunun müddəti haqda konkret qərar yoxdur. Amma təxmin edirəm ki, bu proses də 2 il davam edəcək. Burada 21 milyon kvadrat ərazidən söhbət gedir. Layihənin 3-cü fazası Ceyrançöl poliqonunun qərb hissəsini əhatə etməlidir. Bildiyiniz kimi bütün sahələrdə yeni texnologiyalardan istifadə edilir. Biz də minatəmizləmə işində yeni cihazlardan istifadə etmək niyyətindəyik. Bu fazada NATO-nun bizə yeni avadanlıqlar verməsi müzakirə mövzusudur. Burada söhbət mina və ya partlayıcı maddələrin aşkar edilməsi üçün istifadə edilən xüsusi skanerlərdən gedir. Bizim istifadəmizdə hazırda bir ədəd “Ferex” tipli skaner var. Daha müasir modellərin alınması bizdə axtarışlarda daha yaxşı imkan yaradacaq. Bildirim ki, bu skanerlər torpağın dərin qatlarını təmizləmək üçün nəzərdə tutulur. Təxminən 6 metrə qədər dərinlikdə partlayıcı maddəni müəyyənləşdirə bilir. Skaner vasitəsi ilə ərazi yoxlandıqdan sonra, ərazinin xəritəsi çıxarılır. Orada PHS-in hansı ərazidə və hansı dərinlikdə olduğu işarələnir. Bundan sonra artıq əməliyyat ehtimal olunan yerdə keçirilir, iş sürətlənir, vaxta və maliyəyə qənaət edilir. Düşünürəm ki, Ceyrançöl layihəsinin 3-cü fazasının həyata keçiriləcəyi ərazinin 50 faizində bu cihazın imkanlarından lazımıca bəhrələnə biləcəyik.
Qeyd edim ki, cari ilin noyabrında görüləcək son işlərlə bağlı hesabat hazırlanacaq və NATO-nun Baş Qərargahında donorlar üçün layihənin 3-cü fazasının təqdimatı keçiriləcək. Ümidvarıq ki, bu təqdimatdan sonra donorların layihəyə marağını cəlb edə biləcəyik və maliyyə vəsaiti ayrılacaq.
– Cəbhəyanı bölgəni çıxmaq şərtilə bu gün Azəbaycanda mina və partlamamış sursat təhlükəsi əsasən hansı ərazilərdədir?
– Biz Bakı ətrafında Xancan ərazisində işləyirik. SSRİ dövründə həmin ərazi poliqon kimi istifadə olunmuşdu. Ötən il orada 1 vətəndaş minaya düşəndən sonra əməliyyatlar başladı. Apardığımız tədqiqat nəticəsində müəyyənləşdirdik ki, əsas təhlükəli ərazi 4 milyon kvadrat metri əhatə edir. 2015-ci ilin sonuna qədər həmin 4 milyon kvadrat metrlik ərazinin 2 milyon kvadrat metrini təmizləməyi planlaşdırmışıq. 2016-cı ildə isə qalan hissəsi təmizlənəcək. Bundan başqa ötən illər ərzində Sumqayıt-Hacı Zeynalabdın Tağıyev ərazilərində sursatların olması ilə bağlı bizə sifarişlər olub. Qeyd etdiyim istiqamətdə bir neçə ərazini təmizləmişik. Oradan sursatlar çıxsa da ərazi tam olaraq təmizlənməyib. Onların təmizlənməsinə də növbəti illərdə başlanması planlaşdırılır.
– Məlum olduğu kimi Lənkəranda da mina və sursatların olduğu ərazi aşkarlanıb. Orada dənizdən minalar çıxmağa başladı. Sifarişə əsasən həmin sahilboyu ərzini təmizlədik. Hazırda Lənkəran şəhərində keçmiş hərbi bazanın ərazisində işləyirik.ənizdən minaların çıxması, eləcə də su hövzələrində mina və PHS-lərin tapılmasına dair xeyli faktlar var. ANAMA-nın sualtı minatəmizləmə potensialnı formalaşdırmaq istiqamətində hansı planları var?
– Sualtı əməliyyatların həyata keçirilməsi külli miqdarda vəsait tələb edir. Ümidvarıq ki, növbəti illərdə biz Lənkəran şəhərində dənizdə minatəmizləmə əməliyyatını həyata keçirək. Hazırda tərəfimizdən heç bir sualtı əməliyyat aparılmır. Çünki ANAMA-da sualtı minatəmizləmə əməliyyatının aparılması üçün imkanları mövcud deyil. Lakin bu problem davam edərsə, yəni suyun altından minaların çıxması yenə baş verərsə, sualtı əməliyyatın aparılması barədə düşünmək lazım gələcək.
– Ehtimallara görə, Bakı ətrafında digər ərazilərdə də suya atılmış belə minalar var…
– Bəli, belə bir məlumat bizə də verilib. Nargin adasına yaxın hissədə – suda dənizdə uzun illər təlimlər keçirilib. Orada da suyun altında minaların olması ehtimal olunur. Texniki imkanlarımız olmadığı üçün orada hər hansı əməliyyat-tədqiqat aparmamışıq.
– Ölkənin daha hansı ərazilərində əməliyyatlarınız aparılır?
– İşlək poliqonlarda irimiqyaslı əməliyyatlarımız olmur. Yeri gəlmişkən, Gəncə şəhəri yaxınlığında keçmiş hərbi poliqonlardan birində əməliyyatlara başlamışıq. Orada təxminən 13.7 milyon kvadrat metr ərazi təmizlənərək sifarişçiyə təhvil veriləcək.
– Güzdəkdəki əməliyyat haqda da danışardınız…
– Güzdək hərbi bazası ərazisində apardığımız əməliyyatlar demək olar ki, bitib. Yəni ərazi təmizlənib. Lakin kiçik bir qrupumuz hələ də orada saxlanılır. Məlumat üçün deyim ki, Güzdək bazası sovet ordusu tərəfindən partladılmazdan əvvəl orada 18 anbar olub. Həmin anbarların arakəsmələri isə Saloğluda olduğu kimi təpəciklərdir. Həmin təpələr üst hissədən təmizlənib. Lakin baxış zamanı həmin təpəciklərdə də çoxlu sursatların olduğunu müəyyən etdik. Hətta çoxlu sayda trotil qalıqları var. Artıq bu hissəni əllə təmizləmək mümkün deyil. Ekskovator tətbiqi vasitəsilə həmin təpələrin təmizlənməsinə başlamışıq. Bu da çox ləng əməliyyatdır. Çünki burada həm texnika, həm heyət işləyir.
– Cəbhəyanı əməliyyatlar hansı mərhələdədir, burada hansı işlər görülür?
– Hazırda Füzuli, Xocavənd, Tərtər və Goranboy rayonlarında əməliyyatlarımız davam edir. Ağdam, Ağcəbədi və Göygöl rayonlarında da minatəmizləmə işlərinin aparılması planlaşdırılır. İşlər mərhələ-mərhələ aparılacaq. Əvvəlcədən planlaşdırımış təmizləmə işlərindən başqa əlavə sifarişlər də olur.
– ANAMA-nın əməliyyat imkanları haqqında məlumat verə bilərsinizmi?
– Hal hazırda ANAMA-nın istifadəsində 3 ədəd “Bozena-4”, iki ədəd “Bozena-5” və bir ədəd “Dok-İng” şirkətinin istehsalı olan MV-4 maşını olmaqla, 6 ədəd mexaniki minatəmizləmə maşını yer alır. Bundan başqa 56 minaaxtaran itimiz var. Agentliyin nəzdində minatəmizləmə qrupları ilə yanaşı, PHS əməliyyatları həyata keçirən EOD qrupu, çağırışlara qısa müddətdə reaksiya verən Çevik Əməliyyat Qrupu fəaliyyət göstərir. EOD qrupumuz hazırda Qazax-Ağstafa bölgəsində fəaliyyətini davam etdirir. Bütün əməliyyatların monitorinqi isə daxili inspeksiya qrupu olan Təlim, Keyfiyyət Yoxlaması və Monitorinq Qurumu tərəfindən aparılır, hesabatlar ANAMA-nın baş direktoruna təqdim olunur. Bu qrup 2006-cı ildə yaradılıb. Bundan əvvəl həmin funksiyanı xarici məsləhətçilər yerinə yetirirdi. Lakin əməkdaşlarımız daha çox təcrübə topladıqdan sonra bunu milli kadrlarla həyata keçiririk. Bu qrupun digər işi təlimlərin keçirilməsidir. Göygöldəki regional bazamızda il boyu çalışan əməkdaşlarımıza da təkmilləşdirmə təlimləri keçirilir. Bu təlim-treninqləri etməkdə məqsədimiz əməkdaşlarımızın davamlı hazır vəziyyətdə olmasını təmin etmək, peşakarlıq səviyyəsini artırmaqdır. Bundan başqa əmədaşlarımız müxtəlif beynəlxalq təlimlərə də cəlb olunurlar. ANAMA tərəfindən həmçinin xarici ölkələrdən də mütəxəssislərə təlimlər keçirilir. Ötən dövrdə Türkiyə və Gürcüstandan olan minatəmizləyənlər üçün təlimlər keçmişik. Ümumiyyətlə Gürcüstanın EOD potensialının yaradılmasında bizim böyük rolumuz olub. NATO-nun layihəsi çərçivəsində Gürcüstanda olan heyətə 1 il ərzində təlimlər keçirilib. Onlara hətta Gürcüstanda işin qurulmasına dəstək verilib. Bu il biz Azərbaycan DİN Daxili Qoşunlarının heyəti üçün də təlim kursları təşkil etdik. Növbəti təlim keçirilməsi də planlaşdırılır. Yəqin ki, senytabrda Daxili Qoşunlar üçün nəzərdə tutulan təlimə başlanacaq.
– Artıq ANAMA Azərbaycanda mina axtaran itlərin yetişdirilməsinə də başlayıb. Bu Azərbaycan üçün yeni bir məsələ olduğundan bu barədə də danışmağınızı istərdik.
– Biz öz bazalarımızda itlərin yetişdirilməsinə son 6 ildə başlamışıq. Əvvəllər belə itləri əsasən Bosniyadan və Amerikadan alırdıq. Bir şeyi nəzərə almaq lazımdır ki, bir itin sahəyə çıxması, mina axtaran kimi yetişməsi üçün 1 ildən artıq vaxt lazımdır. Göygöl bazasında kiçik mərkəz yaratdıq. Orada itlər götürülür, ilkin təlimləri keçirilir. Hazırda burada doğulan və təlim keçdiyimiz 20-dən artıq itimiz var.
– Xarici ölkələrdən bu itlərdən almaq istəyən varmı?
– Gürcüstan, Ukraynadan maraq var. Lakin dediyim kimi, mərkəzimiz çox böyük deyil. Həm də bu itləri öz tələblərimiz üçün yetişdiririk. Bu bizim üçün böyük bir maliyyə vəsaitinə qənaət etməyimizdir.
– ANAMA minatəmizləmə əməliyyatlarında hansı avadanlıqlardan istifadə edir?
– Almaniya və Avstraliya istehsalı olan “Valon” və “Minelab” şirkətinin mina detektorlarından geniş istifadə edirik. Əlbəttə, hər bir cihazın müsbət və mənfi xüsusiyyətləri var. Burada ərazi, şərait xüsusi önəm daşıyır. Məsələn, xırda metal qrıntıları çox olan yerlərdə “Valon” detektorları, az metal tərkibli minaların aşkarlanmasında “Minelab” şirkətinin F-3 detektorları istifadə edilir. Bundan başqa “Ferex” skanerlərindən də geniş istifadə edirik. Bu skayner 6 metr dərinlikdə olan partlayıcı maddələri və metal qrıntıları aşkar etməyə imkan verir. Sursatların axtarışında həmçinin “Schonstedt” detektorlarından istifadə edirik.
– ANAMA-nın seçim zamanı insansız minatəmizləyən maşınlara önəm verməsi nə ilə bağlıdır.
– İnsanlı maşınlar ötən əsrin texnologiyasıdır. İnsansız minatəmizləmə texnologiyalarıdan istifadə etmək daha təhlükəsizdir. İnsanlı minatəmizləmə maşınında psixoloji narahatlığın da olduğu inkar edilməzdir. Məsələn, Livanda minatəmizləmə işlərində çalışan bir maşının sürücü-operatoru ilə söhbətim olub. O dedi ki, təmizləmə zamanı maşının qarşı hissəsində tank əleyhinə mina partladı. Bu hadisədən sonra iki həftə həmin adam özünə gələ bilməyib. Ağır şok keçirib. Yəni nəzərə almaq lazımdır ki, burada insan faktoru var. Digər tərəfdən tank əleyhinə mina həmin maşının qarşısında partlamasaydı, partlayış maşının altında baş versəydi, nə ilə nəticələnərdi? Nəzərə alın ki, tankı məhv edən mina traktoru hansı vəziyyətə sala bilər?! Bu insan həyatını təhlükə altına qoymaqdır.
– Maşın parkının yenilənməsi planda varmı?
– İnventarımızdakı maşınlar əslində uzun müddət istifadə üçün nəzərdə tutulub. Digər tərəfdən də maşınlarımız o qədər də köhnə deyil.
– Ərazi kəfiyyatı üçün pilotsuz texnologiyaların tətbiqi barədə düşünürsünüzmü?
– Dünyada pilotsuz uçuş aparatlarından minalı ərazilərin kəşfiyyatının aparılmasında istifadə olunur. Biz bu təcrübə ilə tanışıq. Amma bu texnologiyadan hər yerdə istifadə etmək mümkün deyil. Nəzərə alın ki, azacıq külək olduğu zaman narahatlıq yarada bilir. Yaxud sərhəd ərazilərdə.
– ANAMA-nın ən böyük layihələrindən biri “Saloğlu”oldu. Bu layihə ANAMA-ya nə qazandırdı?
– İlk növbədə onu deyim ki, Saloğlu layihəsi bizim təşkilat üçün böyük təcrübə oldu. Çünki bu unikal layihə idi. Mərmi və sursatların təmizlənməsi prosesi də çox çətin idi. Bu təcrübədən sonra NSPA ilə əməkdaşlığımız daha sıxlaşdı. Gürcüstan hərbçilərinə təlimin keçirilməsi ilə bağlı tenderi qazanmağımızda “Saloğlu”dakı təcrübəmizin böyük rolu oldu. NATO-da bunu bilirdilər. Təvazökarlıqdan uzaq da olsa deyim ki, heç bir təşkilat qısa zamanda belə mərhələni keçməyib. Bundan başqa müxtəlif beynəlxalq layihələrdə də iştirakımıza zəmin yaratdı. “Saloğlu”dan sonra Partlamış hərbi bazaların ərazilərinin təmizlənməsi Təlimatını hazırladıq, hansı ki bu belə layihələrin icrası üçün olduqca vacibdir.
– Beynəlxalq əlaqələrə də toxunaq. Hazırda bu istiqamətdə hansı ölkələrin minatəmizləmə qurumları ilə əməkdaşlığınız mövcuddur?
– Türkiyə, İordaniya, Əfqanıstan, Tacikistan, Ukrayna və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrlə, habelə BMT İnkişaf Proqramı (UNDP) və NATO ilə əməkdaşlığımız var. Bu yaxınlarda Ukraynadan böyük nümayəndə heyəti gəlmişdi. Görüşdə Ukrayna heyətinə təlimlərin keçirilməsi və əməkdaşlıqla bağğlı məsələlər müzakirə olundu.
– Türkiyə və Küveytlə bağlı layihələriniz də olmalı idi…
– Doğrusu bəzi layihələr var ki, bu kommersiya xarakterlidir. Həm də hələ bir real fəaliyyət olmadığından danışmağı lüzum görmürəm. Amma bir şeyi deyə bilərəm ki, Küveytdə mina probleminin olduğunu bilirik. Özü də çox çətin şəraitdə – neft gölməçələrində çoxlu sayda mina və PHS-lər var. Bu vəziyyət 1990-cı ildə İraqın Küveytə hücumu zamanı yaranıb. Küveyt həmin mədənlərin ərazilərini təmizləmək istəyir. Biz də ANAMA olaraq bu tenderdə iştiraka təklif verə biləcək təşkilatlar arasına düşməyi bacardıq.
– Türkiyədə minatəmizləmə mərkəzinin qurulmasında sizin təcrübəniz öyrənilirdi.
– Həmin mərkəz Türkiyə Müdafiə Nazirliyinin tərkibində yaradılıb. Onun rəhbəri də Azərbaycana səfər edərək fəaliyyətimizlə tanış olub. Hətta əməliyyat apardığımız ərazilərə baş çəkib.
– Bu gün dünyada mina və partlamamış sursatlarla yanaşı improvizə edilmiş partlayıcılara da rast gəlinir. Azərbaycan ərazisində də ermənilər tərəfindən belə partlayıcılarla törədilən hadisə baş verib. ANAMA bu problemlə necə mübarizə aparır?
– Bununla bağlı kursumuz olub. ABŞ-ın bir şirkəti əməkdaşlarımıza treninqlər keçib. Bu o qədər geniş istiqamətdir ki, hər zaman yenilik ola bilər. Yəni təkmilləşmə işləri aparılmalıdır. Biz artıq qeyd olunan məsələni düşünürük. Ola bilsin ki, gələn il beynəlxalq təşkilatla bu kursun daha təkmilləşmiş formatda keçirilməsinə nail olaq. Amma belə halların qarşısının alması üçün mütəxəssislərimiz, zəruri olan avadanlıqlarımız və zərərsizləşdirmək üçün texnologiyalarımız var.
AZERİ DEFENCE jurnalı №4 (18)