
ANAMA Qarabağa 8 ədəd təcili tibbi yardım maşını göndərib
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirilib.
ANAMA-nın mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qalib şirkət olan “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd təcili tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.
Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd cari ilin 20 oktyabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.
Yeni gətirilən UAZ-396295-550 markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, yorğan, onurğa zədələri üçün xərək, oksigen balonu kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir.
Qeyd edək ki, humanitar minatəmizləmə fəaliyyətində sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələrinin əməliyyatlar icra edilən sahələrdə mövcudluğu vacib amillərdən biridir.