ANAMA və “Azairtechservice” Türkiyədə minatəmizləmə layihəsinə qatılır
Azərbaycanın iki təşkilatı ANAMA və “Azairtechservice” konsorsium şəklində Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi layihəsinə qatılmağa hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA informasiya agentliyi məlumat yayıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verilən məlumata görə, Azərbaycan təşkilatıarı tenderdə Türkiyənin “Koçoğlu” və “Özdoğanlar” şirkətləri ilə birgə konsorsium yaradaraq iştirak edəcək. Hazırda tender sənədləri hazırlanır və yaxın günlərdə Türkiyə Milli Müdafiə Nazirliyində yaradılmış tender komissiyasına təqdim olunacaq.
May ayında ANAMA-nın mütəxəssisləri Türkiyənin Suriya ilə sərhəddəki Mardin, Şanlıurfa və Qaziantep vilayətlərində sərhədin müxtəlif sahələrində kəşfiyyat-tədqiqat işləri aparıb. Tenderə buraxılan şirkətlərdən sənədlərin qəbulunun iyunun 14-dək aparılacağı bildirilsə də, son məlumatlara görə sənəd qəbulunun müddəti daha bir ay uzadılıb.
Qeyd edək ki, “Azairtechservice” şirkəti Azərbaycanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən ən böyük özəl şirkətlərdəndir. Şirkət müdafiə sektorunda helikopterlər də daxil olmaqla, müxtəlif uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsində iştirak edir. Eyni zamanda dünyada mexaniki minatəmizləmə maşınlarının aparıcı istehsalçılarından olan Slovakiyanın Way Industry şirkətinin (Bozena 4 və Bozena 5 tipli mexaniki minatəmizləyən maşınları istehsal edir) distrübüteridir.