ARES Qətərə yeni patrul katerləri tədarük edəcək
Türkiyənin ARES Tərsanəsi gələn il Qətər Daxili İşlər Nazirliyinə 3 ədəd yüksək sürətli ARES 40 FIC ani müdaxilə kateri tədarük edəcək.
ARES Tərsanəsindən “Poliqon”a verilən məlumata görə, bununla əlaqədar Qətərin paytaxtı Dohada keçirilən MILIPOL-2022 sərgisi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.
Təkmil kompozit gövdəli, IACS sinfli ARES 40 FIC çevik reaksiya, müşayiət missiyaları, eləcə də insan alveri və qaçaqmalçılıqla mübarizə kimi əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub. Kater 60 düyün sürətinə malikdir. ARES 40 FIC kateri 250 dəniz milindən çox məsafə qət edə bilmək qabiliyyətinə sahib olması sayəsində Qətər yarımadasını əhatə edən bütün zonalara çata biləcək. Katerə elektro-optik sensorlarla dəstəklən uzaqdan idarə olunan və stabilləşdirilmiş 12,7 mm-lik silah sistemi inteqrasiya oluna bilər.
Qeyd edək ki, tədarük ediləcək katerlərin növü və sayı barədə məlumat verilsə də, müqavilənin ümumi dəyəri barədə məlumat verilməyib.
Xatırladaq ki, ARES Tərsanəsi son 6 ildə Qətər Sahil Mühafizəsi Donanmasına 31 ədəd yeni nəsil patrul kateri təhvil verib. Hazırda həmin katerlər Qətərin dəniz təhlükəsizliyi əməliyyatlarında istifadə edilir.
Rizvan Fikrətoğlu