Argentinada TAM-2 C-A2 tankının ikinci prototipi nümayiş etdirilib
Argentinada TAM-2 C-A2 tankının ikinci prototipi nümayiş etdirilib.
“Poliqon” xəbər veri ki, bu barədə Argentina Ordusunun rəsmi “Twitter” hesabında paylaşım edilib.
Nümayiş rəsmilərin Argentina Ordusunun Buenos-Ayres şəhərinin Bulon-sur-Mer bölgəsindəki 602-ci arsenalına səfəri zamanı baş tutub.
Qeyd edək ki, bu arsenalda TAM (Tanque Argentino Mediano) tanklarının təkmilləşdirilməsi yerinə yetirilir.
Arsenala səfər zamanı Müdafiə naziri Xorxe Taiana, Baş Qərargah rəisi Aqustin Rossi, sənaye naziri Xose İqnasio de Mendiquren və ordu rəisi general-leytenant Gilyermo Oleqario Pereda ilə birlikdə TAM-2 tanklarının təkmilləşdirilməsi və təmiri prosesini müşahidə ediblər. Müdafiə naziri tankın təkmilləşdirilməsində istifadə olunan elementləri şəxsən yoxlaya bilib.
“Bu gün çox vacib bir gündür, çünki biz təkcə birinci prototipin tamamlanmasını görmürük, həm də ikincinin istehsalının necə davam etdiyini, iki böyük şirkət – İsrailin “Elbit Systems” və milli IMPSA şirkəti arasında razılaşma olan bütün təkmilləşdirmə prosesini görürük”, – deyə Argentinanın müdafiə naziri Xorxe Taiana bildirib.
Tankların təkmilləşdirilməsi prosesinə rəqabət qabiliyyətli şirkət yaratmaq və Argentina hərbi sənayesini bərpa etmək üçün hökumətdən investisiya cəlb edən IMPSA şirkəti nəzarət edir.
TAM-2 C-A2 Argentinanın TAM-2 tankının İsrailin “Elbit Systems” şirkəti tərəfindən təkmilləşdirilməsi layihəsidir. Bu döyüş maşını müasir termal kamera, təkmil atəş idarəetmə sistemi və qülləni döndərmək üçün onun hərəkət qabiliyyətini sürətləndirən yeni mexanizmlər sayəsində gecə-gündüz istifadə edilə bilər.
Tankın TAM adlandırılan baza versiyası 1979-cu ildə Argentina Ordusunun silahlanmasına daxil edilib və yerli komandanlığa görə, ciddi təkmilləşdirməyə ehtiyacı var. TAM (isp. Tanque Argentino Mediano ) Almaniyanın “Thyssen-Henschel” şirkəti tərəfindən Argentina Ordusu üçün “Marder” piyadanın döyüş maşınınln şassisində hazırlanmış orta döyüş tankıdır.
Tankın təkmilləşdirilməsi layihəsində əsas podratçı təkmilləşdirilmiş tanklar üçün komponentlərin təxminən 70%-ni istehsal edən IMPSA şirkəti olub. “Military Fabrications” şirkəti yeni qüllələrin istehsalına cavabdehdir.
Qeyd etdiyimiz kimi, tankın mexanikasının modernləşdirilməsi yerli IMPSA şirkəti tərəfindən həyata keçirilir, İsrailin “Elbit Systems” şirkəti isə optoelektron qurğulara cavabdehdir.
Argentina Müdafiə Nazirliyinin saytında qeyd edildiyi kimi, hərbçilər ilin sonunadək ilk hazır tankları almağa ümid edirlər. Ümumilikdə, 30 ədəd təkmilləşdirilmiş maşın üçün əlavə sifarişlə beş il ərzində 74 ədəd TAM tankının təkmilləşdirilməsi planlaşdırılır.
Əsas silah (İngiltərənin L7A3 topunun Argentina versiyası olan 105 mm-lik FM K.4 Modelo 1L tank topu) və 720 at gücünə malik MTU MB-833 Ka 500 dizel mühərriki də əvvəlki olaraq qalır. Tankda köməkçi silah olaraq 2 ədəd 7,62 mm-lik FN MAG pulemyotu quraşdırılıb.
Tank heyəti maşının vəziyyəti haqqında məlumatla təmin edən və döyüş meydanındakı vəziyyət haqqında ümumi məlumatlılığı artıran bort kompüteri alıb. Əhəmiyyətli yenilik isə, istənilən hava şəraitində döyüş aparmağa imkan verən və atəşin dəqiqliyini yaxşılaşdıran rəqəmsal atəşi idarəetmə sistemidir. Hidravlik ötürücünün elektrikli ötürücü ilə əvəz edilməsi nəticəsində qüllənin daha yüksək sürətinə nail olunub.
Gücləndirilmiş müdafiəni təmin etmək üçün TAM-2 C-A2 tankı kompozit və modul zireh, həmçinin tüstü qumbaraatanları ilə təchiz olunub.
Əldə edilən texnoloji sıçrayış əhəmiyyətlidir, çünki TAM-2 C-A2 tankında istifadə olunan avadanlıq dünyanın ən müasir tanklarında istifadə olunan avadanlıqların analoqudur.
Xatırladaq ki, Argentina hökuməti Braziliya ilə 156 ədəd “Guarani” zirehli transportyoru (ZTR) almaq üçün danışıqlar aparır. Xarici kütləvi informasiya vasitələri bu danışıqlar haqqında cari ilin əvvəlində “Guarani” ZTR alınması ilə bağlı niyyət məktubunun ictimaiyyətə açıqlanması barədə məlumat yayıblar. Mətbuat potensial müqavilənin 350 milyon Braziliya realı (təxminən 72 milyon ABŞ dolları) məbləğində olduğunu da açıqlayıb.
Əhəd Əzizov