QuruXəbərlər

ARMA 8×8 bazalı YENER sistemi EFES-2026 təlimində tətbiq olunub

ASELSAN şirkətinin hazırladığı YENER mina aşkarlama sistemi Türkiyə Quru Qoşunları tərəfindən EFES-2026 çoxmillətli birgə təlimində istifadə edilib.

“Poliqon”un məlumatına görə, təlimdə istifadə olunan YENER sistemi öz missiyasını yerinə yetirərək marşrut boyunca yerləşdirilmiş mina və əldəqayırma partlayıcı qurğuları aşkarlayıb, onların zərərsizləşdirilməsini uğurla həyata keçirib.

ASELSAN tərəfindən hazırlanan YENER mina aşkarlama sistemi Otokar şirkətinin ARMA 8×8 zirehli nəqliyyat vasitəsinə inteqrasiya olunub. 2023-cü ilin dekabrında Türkiyə Quru Qoşunları Komandanlığının istifadəsinə verilən zirehli texnika xüsusi avadanlıqlar vasitəsilə əldəqayırma partlayıcı qurğuların və minaların aşkarlanması, müəyyənləşdirilməsi və işarələnməsi tapşırıqlarını yerinə yetirərək şəxsi heyətin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

YENER sisteminin inteqrasiya olunduğu ARMA 8×8 zirehli maşını ön və yan hissələrdə yerləşdirilən mexanizmlərlə idarəolunan radar və metal detektorları vasitəsilə marşrut üzərində mina və partlayıcı təhlükələrə qarşı tədbirlərin görülməsini təmin edir. Sistem yeni nəsil radar alqoritmləri sayəsində müxtəlif torpaq növlərində fərqli tip və ölçülərdəki təhlükələri aşkarlamaq imkanına malikdir.

Layihə çərçivəsində “Otokar” şirkəti ARMA 8×8 platformasının yüksək mobillik və qoruma xüsusiyyətlərini saxlayaraq əlavə əməliyyat tələblərinə cavab verən xüsusi konfiqurasiyalı texnika hazırlayıb.

Back to top button