Arzu Rəhimov: SHXÇDX son 10 ildə inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti son 10 ildə böyük uğurla davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib.
“Poliqon” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Xidmətin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasimdə bildirib.
General-polkovnik Arzu Rəhimov vurğulayıb ki, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrin müntəzəm inkişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük qələbəyə – 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqların düşmən işğalından azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi Xidmət tərəfindən müvəffəqiyyətlə həyata keçirilib.
Xidmət rəisi qeyd edib ki, SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə yaradılmış “Zəfər” altsistemi ilə bağlı SHXÇDX tərəfindən müvafiq işlər görülüb.
General-polkovnik Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.