AerokosmikAselsanXəbərlər

ASELSAN Azərbaycanda süni intellekt mühəndislik komandası və kosmik əməkdaşlıq planlaşdırır

ASELSAN şirkəti Azərbaycanda süni intellekt mühəndislik komandası və kosmik əməkdaşlıq planlaşdırır.

Bunu “Aselsan Bakü” şirkətinin baş direktoru Özgür Kürüm “Poliqon” jurnalına müsahibəsində söyləyib.

O bildirib ki, ASELSAN-ın müxtəlif qurumlara yönəlmiş və bir neçə sahəni əhatə edən əməkdaşlıq təklifləri mövcuddur: “ASELSAN olaraq bu istiqamətdə aydın və qətiyyətli iradəmiz mövcuddur. Bu çərçivədə Azərbaycandakı müvafiq və səlahiyyətli qurumlarla təmaslarımız, həmçinin texniki və təşkilati səviyyədə danışıqlarımız davam edir. Müsahibə boyunca da qeyd etdiyim kimi, müxtəlif qurumlara yönəlmiş və bir neçə sahəni əhatə edən bir neçə əməkdaşlıq təklifimiz mövcuddur”.

Onun sözlərinə görə, mövcud vəziyyətdə xüsusilə hərbi rabitə sistemləri sahəsində konkret birgə istehsal və qabiliyyətlərin inkişafı üzrə hədəf mövcuddur. Bununla yanaşı, idarəolunan sistemlər üçün yönləndirmə dəstləri sahəsində də yerli istehsal və birgə inkişaf modelini ehtiva edən təkliflər var.

“Bundan əlavə, Azərkosmos ilə peyk və faydalı yüklər sahəsində birgə müəssisə yaradılması istiqamətində niyyətimiz var. Eyni zamanda Azərbaycanda həm ASELSAN layihələrinə texniki töhfə verəcək, həm də ölkənin öz ehtiyaclarına uyğun sistemlərin layihələndirilməsi və inkişafı ilə məşğul olacaq süni intellekt mühəndislik komandasının yaradılması da gündəmimizdədir. ASELSAN-ın baş direktoru cənab Ahmet Akyol da bu strateji yanaşmanı bütün platformalarda və bütün səviyyələrdə qətiyyətlə vurğulayır”, – deyə Özgür Kürüm qeyd edib.

Back to top button