ASELSAN cari ilin doqquz ayına olan gəlirlərini açıqlayıb

ASELSAN cari ilin doqquz ayına olan gəlirlərini açıqlayıb

Türkiyənin ASELSAN şirkəti cari ilin doqquz ayına olan (1 yanvar – 30 sentyabr) maliyyə nəticələrini açıqlayıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkətin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz artaraq 32.1 milyard TL-yə çatıb.

2023-cü ilin doqquz ayında şirkətin ümumi mənfəəti 75%, faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti (EBITDA – Earnings Before Interest, Taxes, Depreciation and Amortization) isə 74% artıb. ASELSAN-ın xalis mənfəəti 72 faiz artaraq 9.8 milyard TL-yə çatıb.

ASELSAN-ın baş direktoru Ahmet Akyol Cümhuriyyətin 100-cü ildönümündə Türk millətinə ilkləri yaşatdıqlarını vurğulayıb: “ASELSAN olaraq Cümhuriyyətimizin birinci yüzilliyində müdafiə sənayesində ölkəmizin bayraqdarı olduq. Bu səylərin bəhrəsini doqquz aylıq maliyyə nəticələrimizlə göstərdik. 2023-cü ilin doqquz ayında böyüməmizi davam etdirərək, aldığımız işlərin cəmi ilə tariximizin ən böyük balans sifariş məbləği olan 10.8 milyard dollara çatdıq”.

ASELSAN-ın baş direktoru bu dövr ərzində bir sıra milli və yeni sistemlərini ilk dəfə nümayiş etdirdiklərini bildirib: “Mavi Vətənimiz üçün Türkiyənin ilk avtonom sualtı platforması DERİNGÖZ-ü inkişaf etdirdik. Milli mühəndislik gücümüzlə inkişaf etdirdiyimiz “Albatros” kamikadze insansız kateri sürüsü də Mərsində həyata keçirilən sınaqlarda hədəf gəmini zərərsizləşdirərək günümüzün insansız sistemlərində yeni bir dövr açdı”.

A.Akyol cari ilin doqquz ayı ərzində təqdim olunan yeni “Gürz” hibrid HHM sistemi, “Göksur” HHM sistemi, “Gökberk” mobil lazer silah sistemi və “Gökdemir” buraxılış sistemi haqqında danışıb: “Bu sistemlərimiz xarici ölkələrdən asılılığımızı aradan qaldıraraq rəqdiblərindən daha üstün performans təmin edir. EJDERHA, ERTUNGA, SÖKMEN və TUNGA-dan ibarət yeni elektron müharibə və insansız sistemlərimizlə də gələcəyin müharibə mühitində mümkün təhlükələri aradan qaldırmağı hədəfləyirik. ASELSAN üçün çox məhsuldar olan doqquz ayda “Gözde” tuşlama dəstini, “Sadak” ağıllı xarici asqı sistemini, KARAKURT kəşfiyyat və hədəfləmə sistemini, YARASA HF elektron dəstək sistemini və AYI HF elektron hücum sistemini ölkəmizə qazandırdıq”.

Ahmet Akyol qeyd edib ki, ASELSAN bu texnologiyaları inkişaf və istehsal etmək üçün ciddi investisiyaları həyata keçirməyə davam edir: “Bu yaxınlarda yeni avionika istehsal müəssisəmizi istifadəyə verdik. AESA radar inteqrasiya və istehsal binamızı tamamladıq. İdarə olunan sursat əlavə istehsal müəssisəmizin investisiyasına başladıq. Həmçinin hava hücumundan müdafiə, radar, elektron müharibə və mikroelektron sistemlərlə bağlı da strateji sərmayələr üzrə işlərə başlamışıq. Bütün bunlar ASELSAN-ın gələcəyə böyük özünə inamla addımladığının göstəricisidir”.

CATEGORIES
TAGS