ASELSAN direktoru: Məqsədimiz Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiqini genişləndirməkdir

ASELSAN direktoru: Məqsədimiz Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiqini genişləndirməkdir

Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün Azərbaycan Silahlı Qüvvələrinin 104-cü ildönümünü təbrik edib.

“Poliqon”a ünvanlanan təbrik məktubunda “torpağına, bayrağına sevdalı Azərbaycanımızın igid ordusunun Silahlı Qüvvələr Gününü böyük çoşqu ilə qutlayıram”, – deyə Haluk Görgün vurğulayıb.

Haluk Görgün bildirib ki, Azərbaycan ilə Türkiyənin dərin və köklü keçmişlərindən qaynaqlanan dostluğunu ən yüksək səviyyəyə çatdırmaq üçün iki ölkənin dövlət xadimlərinin göstərdikləri səylər ASELSAN-a güc və cəsarət verir: “ASELSAN olaraq regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından dövlətlərimizə əlimizdən gələn hər cür töhfə vermək üçün var gücümüzlə çalışırıq. Bu torpaqları daha da firəvan etmək, övladlarımıza parlaq bir gələcək bəxş etmək üçün bir çox sahələrdə fəaliyyətimizi davam etdiririk”.

Baş direktorun sözlərinə görə, ASELSAN-ın məqsədi Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək, yerli məşğulluq yaratmaq, Azərbaycan Silahlı Qüvvələrinə ən müasir müdafiə sistemlərini təklif etməkdir.

Təbrik məktubunda ASELSAN ailəsinin üzərinə düşən məsuliyyətini dərk edərək hərbi məhsullarını yorulmadan dizayn və istehsal etməsi yolunda var gücləri ilə çalışmağa davam edəcəkləri xatırladılıb.

“Azərbaycan Ordusunun 104-cü ildönümünü təbrik edir və sarsılmaz təməllər üzərində qurduğumuz sevgi bağımızın əbədi olmasını arzulayıram.

Eşq olsun Azərbaycan

Eşq olsun Türkiyə”, – deyə təbrik mətnində qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS