
ASELSAN şirkəti “Defense News Top 100” siyahısında bu il 40-cı yerə yüksələrək (ötən il 43-cü pillədə idi) dünyanın ən böyük 40 müdafiə şirkəti sırasına daxil olan ilk Türkiyə müdafiə şirkəti olub.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, bu nailiyyət şirkətin davamlı böyüməsini, qlobal fəaliyyət coğrafiyasının genişlənməsini, rekord sifariş portfelini, qabaqcıl texnologiyalara və istehsal gücünə davam edən investisiyalarını, eləcə də bazar kapitallaşmasına görə Avropanın beşinci ən böyük müdafiə şirkəti mövqeyini əks etdirir.
Bildirilib ki, ASELSAN-ın “Top 40”a yüksəlməsi şirkətin yerli müdafiə təchizatçısından aparıcı qlobal müdafiə elektronikası və sistemləri istehsalçısına çevrilməsini hədəfləyən “aselsaneXt” strategiyası çərçivəsindəki transformasiyasını nümayiş etdirir. Hava hücumundan müdafiə, elektron müharibə, radar, elektro-optik sistemlər, rabitə, avionika, idarəolunan döyüş sursatları, dəniz sistemləri və pilotsuz platformalar üzrə həllərə malik ASELSAN müasir müharibənin getdikcə mürəkkəbləşən tələblərinə cavab verən inteqrasiya olunmuş texnologiyalar hazırlamaqda davam edir.
ASELSAN-ın reytinqdə yüksəlişi şirkətin yüksək əməliyyat göstəricilərini, qabaqcıl texnologiyalara davamlı investisiyalarını, qlobal fəaliyyət coğrafiyasının genişlənməsini və beynəlxalq müdafiə brendi kimi mövqeyinin güclənməsini də əks etdirir. Şirkət 2025-ci ildə 2 milyard ABŞ dollarından çox ixrac müqaviləsi əldə edib. 2026-cı ilin ilk yarısında isə yeni müqavilələrin həcmi 72 faiz artaraq 4,9 milyard dollara çatıb. Bu, sifariş portfelinin 45 faiz artaraq rekord həddə – 23,2 milyard dollara yüksəlməsinə səbəb olub. Şirkətin 2026-cı ilin ilk yarısında gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artaraq 2 milyard dollar təşkil edib. Eyni dövrdə istehsal gücünün və miqyasının genişləndirilməsinə yatırılan investisiyalar 195 faiz artaraq 323 milyon dollara, tədqiqat-inkişaf (Tə-İn) işlərinə ayrılan vəsait isə 41 faiz artaraq 804 milyon dollara çatıb. Bu investisiyalar ASELSAN-ın texnoloji, sənaye və beynəlxalq miqyasda genişlənməsini dəstəkləyib və şirkətin qlobal fəaliyyət coğrafiyası 97 ölkəyə çatıb.
Bu genişlənmənin əsas mərhələlərindən biri ASELSAN tarixindəki ən böyük investisiya layihəsi olan “Oğulbəy Texnologiya Bazası”dır. Müəssisə mərhələli şəkildə istifadəyə verilir. Artıq ilk bölmə fəaliyyətə başlayıb və əməkdaşlar burada seçilmiş hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayıblar. Layihə tam istismara verildikdən sonra ASELSAN-ın istehsal gücünün iki dəfədən çox artırılması və xüsusilə “Polad Qübbə (“Steel Dome” / ÇELİKKUBBE) layihəsi çərçivəsində hazırlanan kritik sistemlərin seriyalı istehsal infrastrukturunun əhəmiyyətli dərəcədə gücləndirilməsi nəzərdə tutulur. Tamamlandıqdan sonra müəssisənin Avropanın ən böyük inteqrasiya olunmuş hava hücumundan müdafiə obyekti olması planlaşdırılır.
ASELSAN-ın texnoloji transformasiyasının mərkəzində müxtəlif məsafələrdə geniş spektrli hava təhdidlərinə qarşı inteqrasiya olunmuş müdafiəni təmin edən Türkiyənin milli, çoxqatlı hava hücumundan müdafiə arxitekturası – “Polad Qübbə” dayanır. Onun qabaqcıl şəbəkə əsaslı imkanları ASELSAN-ın “Defense News Top 100” reytinqində yüksəlişinin arxasında dayanan texnoloji potensialı əks etdirir. Bu imkanlar şirkətin quru, hava və dəniz sistemləri, missiya faydalı yükləri və elektron müharibə sahələrindəki güclü potensialı ilə tamamlanır.
ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol şirkətin qlobal reytinqdə yüksəlişini şərh edib. Onun sözlərinə görə, ASELSAN-ın “Defense News Top 100” reytinqində yüksəlişi şirkətin formalaşdırdığı miqyasın, inkişaf tempinin və qlobal rəqabət qabiliyyətinin aydın göstəricisidir: “Cəmi üç il ərzində sifariş portfelimizi 7-8 milyard ABŞ dollarından 23 milyard dollara çatdırmışıq. Hazırda davam edən imkanlar və müqavilə danışıqlarını nəzərə alaraq, ilin sonuna qədər bu göstəricini 30 milyard dollara çatdırmağı hədəfləyirik.
14 mindən çox əməkdaşımız, dünya səviyyəli mühəndislik və Tə-İn komandamız, eləcə də NATO bazarlarında sürətlə genişlənən fəaliyyətimizlə ASELSAN-ı qlobal müdafiə texnologiyaları nəhənginə çeviririk. NATO-nun baş katibi Mark Ruttenin ASELSAN-a səfəri də bu mövqeyimizi təsdiqləyir. Eyni zamanda, Avropa, Körfəz ölkələri və digər strateji regionlarda mövcudluğumuzu genişləndiririk”.
Baş direktor vurğulayıb ki, ASELSAN qarşıdakı dövrdə “Defense News Top 100” reytinqində daha da yüksəlmək, ixrac coğrafiyasını genişləndirmək, tədarükləri sürətləndirmək, texnoloji və sənaye imkanlarını geniş miqyasda gücləndirmək əzmindədir.





