ASELSAN hərbi sistemlərini EFES-2024-də nümayiş etdirib

ASELSAN hərbi sistemlərini EFES-2024-də nümayiş etdirib

ASELSAN şirkəti Türkiyənin İzmir şəhərində keçirilən EFES-2024 çoxmillətli təlimində müasir hərbi sistemlərini nümayiş etdirib.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, EFES-2024 çərçivəsində mayın 29-dan 30-na kimi baş tutan müdafiə sənayesi sərgisində şirkətin 70 müxtəlif məhsulu təlim iştirakçılarına və rəsmi nümayəndə heyətlərinə təqdim olunub.

Bildirilib ki, EFES-2024 təlimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Gülərin də aralarında olduğu yüksək səviyyəli rəsmiləri, o cümlədən 50-yə qədər ölkədən 1500-ə yaxın xarici müşahidəçini bir araya toplayıb.

EFES-2024-də ASELSAN istehsalı sistemlər əməliyyat meydanında tətbiq olunub və təlimin müxtəlif mərhələlərində quruda, dənizdə, havada yerinə yetirilən tapşırıqlar zamanı müstəsna performansı ilə müşahidəçilərin diqqətini cəlb edib. Əməliyyat meydanında istifadə edilən ASELSAN məhsulları arasında KORKUT hava hücumundan müdafiə sistemi, DRAGONEYE elektro-optik sensor sistemi, SMASH uzaqdan idarə edilən stabilləşdirilmiş dəniz silah sistemi və SERHAT atəş təsbit radarı yer alıb. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​təlimin canlı görüntülərini ASELSAN tərəfindən hazırlanmış radiolarla izləyib.

ASELSAN, həmçinin 47 şirkətin qatıldığı müdafiə sənayesi sərgisində özünün döyüşdə sübut olunmuş müdafiə və təhlükəsizlik həllərini nümayiş etdirib. ASELSAN şirkətinin elektron müharibədən rabitəyə, elektrooptikadan radara, habelə silah və komanda idarəetmə sistemlərinə qədər sərgilədiyi məhsullar hərbi nümayəndə heyətlərinin böyük marağına səbəb olub. Sərgi meydançasında ASELSAN-ın İHTAR antidron sistemi, TOLUN miniatür bombaları, ASELFLIR-600 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi də təqdim edilib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol, şirkətin EFES-2024 təlimində iştirakını qiymətləndirib: “EFES-2024 Türkiyə Silahlı Qüvvələrinin çəkindirici gücünü bütün dünyaya nümayiş etdirdiyi ən mühüm hərbi təlimlər sırasındadır. EFES-2024-də 50-yə yaxın ölkə iştirak edib və ASELSAN bu sərginin ən mühüm oyunçularından biri kimi seçilib. Döyüş meydanında Türkiyə Silahlı Qüvvələrinə unikal imkanlar təqdim edən sistemlərimiz EFES-2024 zamanı uğurla istifadə edilib.

Dünyaca məşhur yüksək texnologiyalı məhsullarımızla oyun dəyişdiricisi olmağa davam edəcəyik. Müdafiə texnologiyaları sahəsindəki dərin təcrübəmizlə təkcə Türkiyə Silahlı Qüvvələrinə deyil, müttəfiqlərimizə və qardaş ölkələrimizə də dəstək olmaqda qərarlıyıq”.

CATEGORIES
TAGS