ASELSAN IDEX-2023-də yeni məhsullarını nümayiş etdirib

ASELSAN IDEX-2023-də yeni məhsullarını nümayiş etdirib

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 sərgisində Türkiyənin ASELSAN şirkəti hazırladığı yeni və müasir məhsullarını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, bu məhsulların sırasında “Hisar A+”, “Hisar O+”, “Gökdeniz” hava hücumundan müdafiə (HHM) sistemləri, “Albatros-S” insansız kateri, mini EW (elektron müharibə) podu, ağıllı xarici asqı sistemi, “Tolun” miniatür bombası və digərləri yer alıb.

“Gökdeniz”

“Gökdeniz” HHM, ASELSAN tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.

“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.

“Hisar A+” və “Hisar O+”

“Hisar A+” və “Hisar O+” HHM sistemləri ASELSAN ilə “Roketsan” şirkətləri tərəfindən birgə hazırlanıb. “Hisar A+” təyinatı üzrə aşağı yüksəklikdə, “Hisar O+” isə orta yüksəklikdə uçan təhdidləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Müxtəlif hava şəraitində xidmət göstərə bilən həm “Hisar-O+”, həm də “Hisar A+”  təyyarə, “hava-yer” tipli raket, qanadlı raket və PUA-lar kimi təhdidlərin qarşısını almaq imkanlarına malikdir.

“Hisar O+” HHM sisteminin maksimal atəş məsafəsi 25 km, “Hisar A+”nın isə 15 km təşkil edir. Qırıcı təyyarəni aşkaretmə və müşayiətetmə məsafəsi “Hisar O+”da 40-60 km-ə və “Hisar A+”da 25 km-ə bərabərdir.

“Albatros-S”

“Albatros-S” axtarış-xilasetmə, geniş ərazinin yoxlanması, müşayiət, insan mövcudluğunun təhlükəli olduğu əməliyyatların yerinə yetirilməsi üçün hazırlanıb.

Həm tam və yarı avtonom şəkildə fəaliyyət göstərə, həm də uzaqdan idarəedilə bilən bu vasitələr dənizdəki hədəfi aşkarlayır, müəyyənləşdirir, izləyir və kilidlənərək fərqli manevrlər ilə ona yaxınlaşır.

Eni 2 metr, uzunluğu isə 7.2 m olan “Albatros-S” insansız katerinin ağırlığı 1955 kq və faydalı yük daşımaq bacarığı 250 kiloqramdır. Kater “sterndrive” tipli daxili dizel mühərriki ilə təchiz edilib ki, bu da ona 10 saat ərzində fəaliyyat göstərmək imkanı verir.

“Albatros-S”in suüstü hədəf platforması kimi istifadə olunan “Albatros-T” və “Albatros-K” adlı variantları da mövcuddur.

“Tolun” miniatür bombası və ağıllı xarici asqı sistemi

ASELSAN tərəfindən hazırlanan xarici ağıllı asqı sistemi hava platformalarına daha çox kiçik ölçülü sursat daşımağa imkan verir. Sistem əsasən, F-16 döyüş təyyarələrinin “Blok 40” versiyasına quraşdırılmaq üçün nəzərdə tutulsa da, onu “Hürjet” yüngül təlim/döyüş, MMU və F-35 döyüş təyyarələrinə də inteqrasiya etmək mümkündür.

Həmçinin, bu sistemi pilotsuz uçuş aparatlarına (PUA) da inteqrasiya etmək olar. Belə ki, ötən ilin dekabr ayında “Tolun” miniatür bombalarının yerləşdirildiyi ağıllı xarici asqı sistemi vasitəsilə “Akıncı” PUA-nın atış sınaqları keçirilib.

Boş ağırlığı 170 kq, dolu ağırlığı isə 710 kq olan bu sistem 4 ədəd miniatür bombanı daşımaq və buraxmaq imkanına sahibdir.

GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir.

ASELFLIR-500

ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdırıla bilər. Yüksək performanslı kamerası ilə istifadəçiyə lazımi müşahidələrin, kəşfiyyat işlərinin aparılmasında üstün bacarıqlar verir.

Çəkisi 57 kq olan ASELFLIR-500 25 kilometrə qədər mənzildə lazer ilə məsafəölçmək imkanı və 360 dərəcə bucaq altında fırlanma qabiliyyəti təmin edir.

Poliqon.az

CATEGORIES
TAGS