ASELSAN-ın satış dövriyyəsi artıb

ASELSAN-ın satış dövriyyəsi artıb

Türkiyənin ASELSAN şirkəti 2022-ci il üçün olan maliyyə nəticələrini açıqlayıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, 2022-ci ildə şirkətin ümumi mənfəəti 2021-ci il ilə müqayisədə 77 faiz, xalis mənfəəti isə 67 faiz artıb və 11.9 milyard Türk lirəsinə (630.6 milyon ABŞ dolları) çatıb.

2022-ci ilin maliyyə nəticələrini qiymətləndirən ASELSAN-ın baş direktoru Haluk Görgün bildirib ki, 2022-ci ildə şirkətin gəliri 75% artaraq 35.3 milyard Türk lirəsi (1.8 milyard ABŞ dolları) təşkil edib: “2022-ci ildə ASELSAN olaraq ölkəmizi milli və beynəlxalq arenada təmsil etdik, yerli və milli gücümüzlə hazırladığımız yüksək texnologiyalı layihələrimizi qlobal bazardakı istifadəçilərimizə təqdim etdik. 2022-ci ildə 75% artan gəlirimiz 35.3 milyard TL-yə çatdı. Uğurlar dolu növbəti bir ili geridə qoyarkən, güclü və müstəqil Türkiyə üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik”.

H.Görgün ötən il şirkət satınalmalarının 70 faizini ölkə daxilindən qarşıladaqlırını və bununla bağlı tədarükçülərə təxminən 23.4 milyard Türk lirəsi (1.2 milyard dollar) ödədiklərini vurğulayıb.

Şirkətin baş direktoru qeyd edib ki, ASELSAN ötən il 160 fərqli məhsulun milliləşdirmə prosesini uğurla başa vurub. Beləliklə şirkətin son 3 ildə milliləşdirdiyi məhsulların sayı təxminən 670-ə yüksəlib. Bütün bunlar 500 milyon ABŞ dolları həcmində məbləğin ölkə daxilində qalmasını təmin edib.

O, həmçinin, 2022-ci ildə 3 yeni ölkəyə şirkət məhsullarının ixrac olunduğunu, bununla da ASELSAN-ın son 4 ildə yeni istifadəçilərinin sayı 18-ə yüksəldiyini bildirib. Ümumilikdə ASELSAN məhsullarından istifadə edən ölkələrin sayı 81-ə və xarici balans sifarişlərinin həcmi 1 milyard dollar səviyyəsinə çatıb.

Şirkət ötən il ölkə daxilində bir sıra layihələri də uğurla həyata keçirib. Bunların siyahısına aşağıdakılar daxildir:

  • “Zirehli Döyüş Maşınlarının (ZMA) Modernizasiya Layihəsi” əsasında, təkmilləşdirilən zirehli döyüş maşınlarının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib;
  • Sürü layihələri əsasında, hazırlanan MARLIN və “Albatros-S” insansız katerlərinin sınaq və inkişaf işləri davam etdirilib;
  • “Bayraktar Akıncı” pilotsuz uçuş aparatından yerinə yetirilən və ASELSAN CATS kamera sistemi vasitəsi ilə həyata keçirilən ASELSAN LGK lazer tuşlama dəstinin atış sınağı uğurla tamamlanıb;
  • “Akıncı” PUA-dan “Tolun” miniatür bombasının atış sınaqları uğurla reallaşdırılıb;
  • Türkiyənin Sinop bölgəsində “Roketsan” və “Aselsan” şirkətləri tərəfindən hazırlanan uzaq mənzilli “Siper” zenit-raketi sisteminin (ZRS) atış sınaqları uğurla yerinə yetirilib.

“ASELSAN olaraq 2022-ci ili də davamlı böyümə və güclü maliyyə gəlirləri ilə tamamladıq. 2022-ci ildə ASELSAN ailəsi olaraq, məsuliyyətimizi yerinə yetirmək üçün dayanmadan işlədik. 2023-cü ildə ölkəmizi tam müstəqillik hədəfimiz çərçivəsində təmsil etməyə və irəliyə aparmağa davam edəcəyik”, – deyə sonda Haluk Görgün vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS