
ASELSAN şirkəti yarım əsri aşan texnologiyada müstəqillik yolunu “Güvenden Gurura” sənədli filmində təqdim edib.
“Poliqon” xəbər verir ki, embarqolardan sonra bir millətin müstəqillik dastanına çevrilən ASELSAN-ın hekayəsindən bəhs edən dörd hissəli sənədli film şirkətin rəsmi “YouTube” kanalında yayımlanıb.
Kiprdə EOKA üzvlərinin başlatdığı Qanlı Milad hücumundan sonra qətlə yetirilən günahsız Kipr türklərinin görüntülərinə yer verilən sənədli filmdə adaya çıxan qəhrəman türk əsgərlərinin kadrları da yer aılb. Həmçinin Kipr Sülh Hərəkatının ən faciəli hadisələrindən biri olan Türkiyəyə məxsus döyüş təyyarələrinin rabitə çatışmazlığı səbəbindən “TCG Kocatepe” destroyerini dost atəşi nəticəsində batırması da filmdə diqqətçəkən səhnələr arasında göstərilib.
Sənədli filmdə 1975-ci ildə Ankaranın Necatibəy küçəsində yerləşən bir yaşayış binasının mənzilində az sayda fədakar mühəndisin təşəbbüsü ilə əsası qoyulan, daha sonra Macunköy müəssisəsində inkişaf edən, Akyurt və Gölbaşı texnologiya mərkəzləri ilə fəaliyyətini genişləndirən ASELSAN-ın texnoloji inkişaf yolu indiyədək yayımlanmamış fotoşəkillər və arxiv görüntüləri ilə təqdim olunur.
Filmdə ASELSAN-ın ilk lisenziya müqaviləsini imzalamasından ilk məhsulun təhvil verilməsinə, Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçerin şirkətə səfərindən 2004-cü ildə tarixi qərarların qəbul edildiyi Müdafiə Sənayesi İcra Komitəsinin iclasına qədər bütün mühüm mərhələlər həmin dövrün şahidlərinin əvvəllər açıqlanmamış xatirələri ilə izləyicilərə çatdırılır.
Embarqolar qarşısında geri çəkilməyən, mümkünsüz hesab edilən layihələri reallaşdıraraq bu gün qlobal brendə çevrilən ASELSAN-ın ilk radiostansiyasının istehsalından ÇELİKKUBBE hava hücumundan müdafiə sisteminə qədər keçdiyi inkişaf yolu sənədli filmin ən diqqətçəkən hissələrindən birini təşkil edir.
Sənədli filmin musiqiləri isə dünya şöhrətli pianoçu və bəstəkar Fahir Atakoğlu tərəfindən bəstələnib.




