ASELSAN informasiya təhlükəsizliyi təmin edir

Dünyada cərəyan edən proseslər hər bir dövlətin ən başlıca vəzifələrindən birinin onun öz informasiya məkanına nəzarəti gücləndirməklə, informasiya resurslarının mühafizəsi uğrunda mübarizə aparmalı olduğunu söyləməyə əsas verir. Son zamanlar bir çox dövlətlər öz vətəndaşları və iqtisadi maraqlarının təhlükəsizliyi üçün xüsusi tədbirlər görür. Bu baxımdan, dövlətlər müxtəlif sahələrlə yanaşı hərbi sektorda müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etməyə çalışır.
“Poliqon”un məlumatına görə, çox geniş anlayış olan informasiya müharibəsi texnologiyalarının cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir.
Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan əldə edilən məlumat, öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq və gələcəkdə onun istənilən sahədə hücumlarını dəf etmək üçün bir vasitədir.
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur.
Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Bu baxımdan Türkiyənin ASELSAN şirkəti İnformasiya Təhlükəsizliyi, Kriptologiya və Kiber Təhlükəsizlik sahələrində özünəməxsus milli həllər yaradaraq dövlət, hərbi və mülki sektorlarda və xarici bazarlarda yarana biləcək tələblərə cavab verən layihələr inkişaf etdirməyi hədəfləyir.
ASELSAN, məlumat təhlükəsizliyini hədəf alan sistemlərdə və məhsullarda istifadə ediləcək alqoritm, açar idarəetmə sistemi və açar nəqliyyat cihaz dizaynları ilə etibarlı və inteqrasiya edilmiş milli həllər təklif edir.
Anar Şuşalı




