ASELSAN “Murad” AESA radarının sınaqlarına başlayır
ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən “Murad” burun radarı uçmaq üçün gün sayır.
“Poliqon” xəbər verir ki, bunu “TEKNOFEST İzmir” Aviasiya, Kosmos və Texnologiya Festivalında “Anadolu Agentliyi”nə açıqlaması zamanı ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol deyib.
ASELSAN-ın inkişaf etdirdiyi faydalı yüklərin platformalara əlavə güc qazandırdığını söyləyən A.Akyol, pilotsuz uçuş aparatları (PUA) üçün radarlar, elektro-optik cihazlar, idarə olunan döyüş sursatları və rabitə sistemləri hazırladıqlarını bildirib.
Baş direktor bu çərçivədə şirkət tərəfindən inkişaf etdirilən AESA texnologiyalı radarın vacib əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu, az sayda ölkənin inkişaf etdirdiyi, PUA-larımıza qabiliyyət baxımından əlavə dəyər qazandıran məhsulumuzdur. Ona “Murad” adını vermişik. Bu radarımız “Akıncı” PUA-ya inteqrasiya edilib. Proqram təminatının inteqrasiyası həyata keçirilib. Yaxın günlərdə onun uçuş və hava sınaqlarını birlikdə yaşayacağıq.
Bu radar çoxlu hədəf izləyə bilən, uzaq məsafədəki hədəfləri ayırd edə bilən və dəniz rejimindən tutmuş hərəkətli hədəf izləmə, SAR/ISAR rejimlərinə qədər bir sıra fərqli xüsusiyyətləri ilə PUA-ların havadakı situasiya məlumatlılığında fərq yaradacaq məhsuldur. İçərisində minlərlə elektron komponentin olduğu sistem tamamilə yerli dizayn və istehsal olunub. Uçuş üçün gün saydığımızı deyə bilərəm”.
PUA-larda istifadə olunan elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemlərinə toxunan Ahmet Akyol qeyd edib: “Embarqoya qarşı inkişaf etdirdiyimiz CATS bu günə kimi 12 ölkəyə ixrac olunub. Daha yaxşısını etmək məqsədi ilə yola çıxdığımızda ASELFLIR-500-ü layihəsini başlatdıq. Biz onu əməliyyat meydanından aldığımız rəylər və əldə etdiyimiz təcrübələr əsasında dizayn etdik. Hazırda son uçuş sınaqları yerinə yetirilir və bitmək üzrədir. Onun inventara daxil olması üçün gün sayırıq”.
Bundan başqa, ASELSAN-ın baş direktoru PUA-ların radar və kameralar vasitəsilə aşkarladığı hədəfləri uzun məsafələrdən məhv edə bilməsi üçün hazırladıqları “Tolun” miniatür bombası haqqında da vacib məsələlərə toxunub. “Tolun”un Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edildiyini deyən ASELSAN-ın baş direktoru bildirib ki, bu yaxınlarda onun ixrac olunması ilə bağlı da müqavilə imzalanıb.