
ASELSAN Orta Asiyada fəaliyyətini genişləndirir
ASELSAN şirkəti Qazaxıstanla “Sarp Dual” döyüş modullarının tədarükünə dair müqavilə imzalayıb.
Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ASELSAN-ın müxtəlif yer və dəniz platformalarında istifadə edilə bilən fərqli konfiqurasiya və kalibrlərdə hazırladığı döyüş modulları hazırda 20 ölkənin silahlanmasında yer alır.
ASELSAN və Qazaxıstandakı iştirakı olan “Kazakhstan ASELSAN Engineering” (KAE) Qazaxıstanın hərbi və mülki sahələrdə ehtiyaclarının qarşılanması məqsədi ilə istehsal həcmini artırmağı planlaşdırır.
“Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti 2011-ci ilin may ayında təsis edilib. Ortaq müəssisədə “Kazakhstan Engineering” şirkəti 50%, ASELSAN şirkəti 49% və Türkiyənin Müdafiə Sənayesi Katibliyi 1% paya malikdir. 2013-cü ilin dekabr ayında işə düşən müəssisədə hazırda yüksək texnologiyalar əsasında elektro-optik cihazların (gecə və gündüz görmə cihazları, termal kamerlar, optik nişangahlar və s.), döyüş modullarının, rabitə cihazlarının istehsalı həyata keçirilir.