
ASELSAN şirkəti Ankara şəhərində keçirilmiş canlı nümayiş zamanı pilotsuz uçuş aparatları (PUA) əleyhinə inteqrasiya olunmuş müdafiə sistemini təqdim edib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, tədbirdə müxtəlif PUA təhdidlərinə qarşı İHTAR antidron sistemi, EJDERHA yüksək güclü mikrodalğalı silah sistemi və GÖKBERK lazer silah sisteminin koordinasiyalı fəaliyyəti nümayiş etdirilib.
Türkiyə və beynəlxalq media nümayəndələrinin, həmçinin 20 ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi təqdimat ASELSAN-ın “Polad Qübbə” hava hücumundan müdafiə arxitekturasının ən aşağı səviyyəsində inkişaf edən dron təhdidlərinə qarşı çoxqatlı yanaşmasını sərgiləyib.
Nümayiş çərçivəsində müxtəlif istiqamətlərdən yaxınlaşan sürü tipli, fiber-optik idarəolunan və simsiz idarəolunan dronların iştirak etdiyi real əməliyyat ssenarisi təqdim olunub. ASELSAN inteqrasiya olunmuş komanda-idarəetmə arxitekturası vasitəsilə bütün təhdidləri uğurla aşkarlayıb, izləyib və həm “soft-kill”, həm də “hard-kill” imkanlarından istifadə edərək zərərsizləşdirib. Nümayiş zamanı EJDERHA-nın yüksək güclü mikrodalğa texnologiyası vasitəsilə sürü təhdidləri neytrallaşdırılıb, İHTAR-ın elektron müharibə imkanlarından istifadə etməklə düşmən PUA-larının fəaliyyəti pozulub, GÖKBERK-ib isə dəqiq lazer təsiri ilə fiber-optik idarəolunan dron məhv edilib.
Canlı nümayiş ASELSAN-ın qabaqcıl müşahidə imkanlarını, süni intellekt dəstəkli təhdid qiymətləndirməsini və yönəldilmiş enerji sistemlərini vahid komanda-idarəetmə strukturu daxilində birləşdirən inteqrasiya olunmuş PUA əleyhinə arxitekturasının effektivliyini nümayiş etdirib. Şirkət yeni nəsil müdafiə həllərinin bir-birini tamamlayan imkanlarını real əməliyyat şəraitində nümayiş etdirməklə müasir döyüş meydanının tələblərinə uyğun innovativ texnologiyalar hazırlamaq öhdəliyini bir daha vurğulayıb.




