ASELSAN qabaqcıl dəniz platformalarını DIMDEX-2024-də sərgiləyir – VİDEO

ASELSAN qabaqcıl dəniz platformalarını DIMDEX-2024-də sərgiləyir – VİDEO

Türkiyənin ASELSAN şirkəti 4-6 mart tarixlərində Qətərin paytaxtı Dohada keçirilən DIMDEX-2024 müdafiə sənayesi sərgisində dəniz platformaları sahəsindəki məhsullarını nümayiş etdirir.

Bu barədə “Poliqon”a ASELSAN şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şirkət daim yenilənən texnologiyaları və müasir imkanları ilə bu sahəyə diqqətini davam etdirərək, dəniz platformalarındakı mövcud boşluqları doldurmağı hədəfləyir. Şirkət bu sahədə yeni gəmilərin inşasından tutmuş modernləşdirmə və satış sonrası dəstək xidmətlərinə qədər dəniz proqramlarını həyata keçirərkən strateji tərəfdaş kimi çıxış edir. ASELSAN qabaqcıl texnologiyalardan istifadə edərək, davamlı olaraq müasir dəniz əməliyyatlarının dəyişən tələblərinə uyğunlaşdırılmış effektiv həllər təqdim edir və bununla da dəniz sektorunda əsas oyunçu kimi mövqeyini möhkəmləndirir.

ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol Dohada keçirilən DIMDEX-2024 sərgisi ilə bağlı fikirlərini bölüşüb.

“Komandamızın tərəfdaşlarımıza, müştərilərimizə və ziyarətçilərimizə təcrübə və dəstək verməyə hazır olduğu bu dəniz sərgisinin nəticələri məni həyəcanlandırır. Geniş biliklərimizdən və qabaqcıl layihələrdə müxtəlif təcrübəmizdən istifadə edərək, hərtərəfli həllər təklif edirik. Onlardan bəziləri bu il DIMDEX-də təqdim olunur. İnsanların və planetin təhlükəsizliyinə üstünlük verərək, sabitliyi və dayanıqlığı artırmaq üçün təhdid və çağırışlara cavab veririk. Biz dənizdə fərdlərin təhlükəsizliyini təmin etmək, insanların həyatını qorumaq və təhlükəsizliyi təşviq etmək missiyamızı davam etdirmək üçün məsuliyyət daşıyırıq”, – deyə şirkətin baş direktoru vurğulayıb.

ASELSAN-ın DIMDEX-2024 sərgisində nümayiş etdirdiyi məhsulların sırasında dəniz sistemi ilə bağlı həllər, rabitə sistemləri, uzaqdan idarə edilən silah stansiyaları, elektro-optik cihazlar, tuşlama dəstləri, RF müdaxilə vasitələri, radarlar və pilotsuz uçuş aparatları üçün faydalı yüklər yer alır.

“Gökdeniz”, ASELSAN tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.

“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.

Həmçinin Döyüş İdarəetmə Sistemi sayəsində ASELSAN müxtəlif radarlar, elektro-optikalar, elektron döyüş dəstləri, sonar sensorları, silahlar/raketlər, rabitə, naviqasiya və inteqrasiya olunmuş digər sistemlərin birgə çalışmasını təşkil edərək hərbi donanmaların ən mürəkkəb əməliyyat tələblərini qarşılayacaq həll təklif edir.

Şirkət hər qərar qəbuletmə anını daha təhlükəsiz və daha sürətli təmin edən kritik imkanlara malik davamlı həllər istehsal etməyi hədəfləyir. Müştəri mərkəzli yanaşması ilə ASELSAN-ın həlləri bu gün 86 fərqli ölkə tərəfindən uğurla istifadə olunur. Mənimsənilmiş “qlobaldan yerliyə” biznes şüuru ilə ASELSAN şirkəti bütün dünyada varlığını günü-gündən artırır.

CATEGORIES
TAGS