ASELSAN şirkəti Çilinin “Leopard” 2A4CHL tanklarını modernləşdirir
Türkiyənin ASELSAN müdafiə şirkəti Çili Silahlı Qüvvələrinin “Leopard” 2A4CHL tanklarının modernləşdirilməsi layihəsini təqdim edib.
“Poliqon” “Defense Mirror” saytına istinadən xəbər verir ki, proqramın təfərrüatları Çilidə keçirilən FIDAE 2024 (La Feria Internacional del Aire y del Espacio) Beynəlxalq Aerokosmik Sərgisində nümayiş etdirilib.
Çili Silahlı Qüvvələrinin “Leopard” 2A4CHL tank parkının modernləşdirilməsinə dair müqavilə tərəflər arasında 14 iyul 2023-cü ildə imzalanıb. Onun dəyəri qeyd olunmasa da, bəzi məlumatlara görə, 123.5 milyon ABŞ dolları civarında ola bilər.
Müqavilə şərtlərinə əsasən ASELSAN şirkətinin Çilidəki layihəsinin əsas podratçısı yerli “Fabricas y Maestranzas del Ejercito” (FAMAE) şirkəti olacaq. Layihə “Leopard 2A4” tankları, “Marder 1A3” piyadanın döyüş maşınları və M-109 özüyeriyən artilleriya qurğularl parkının texnoloji və maddi-texniki cəhətdən köhnəlməsini aradan qaldırmaq üçün Quru Qoşunlarının Layihələr və Tədqiqatlar İdarəsi (Dirección de Proyectos e Investigación del Ejército – DIPRIDE) tərəfindən 2018-ci ildən təşviq edilən “Proaco” proqramının bir hissəsidir.
Müqavilə imzalanan vaxtdan bəri Çili maşınları üçün modernləşdirmə paketinin təfərrüatları ASELSAN şirkəti layihəni 2024-cü ilin aprelində Çilidə keçirilən müdafiə sərgisində təqdim edənə qədər açıqlanmayıb. Bildirilib ki, tankların modernləşdirilməsi heyətlərin atəş gücünə, mühafizəsinə və vəziyyətlə bağlı məlumatlılığına təsir göstərəcək.
Qeyd edək ki, ASELSAN şirkəti Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında olan “Leopard 1”, “Leopard 2” və M60, həmçinin Qazaxıstan Ordusunun T-72A kimi müxtəlif tank nümunələrinin modernləşdirilməsi sahəsində təcrübəyə malikdir. Bundan başqa, şirkət hazırda Türkiyənin yeni “Altay” tankının elektron sistemlərinin istehsalı və inteqrasiyasına cavabdehdir.
İlk növbədə, Çili tankları müasir VOLKAN atəşi idarəetmə sistemi alacaq. Bu, komandirin və tuşlayıcının gecə-gündüz nişangahlarının faktiki dəyişdirilməsi, elektrik qüllə ötürücüsünün yeni stabilizatorlarının, kompüter sisteminin və interfeysin yenilənməsi deməkdir.
İri çaplı pulemyot və ya avtomatik qumbaraatanla təchiz oluna bilən uzaqdan idarə olunan SARP döyüş modulunun inteqrasiyası ilə atəş gücü də ciddi şəkildə artırılacaq.
Döyüş maşınının təhlükəsizliyinin artırılması lazer şüalanması və raket buraxılışı xəbərdarlığı üçün optik-elektron sistemin quraşdırılması ilə təmin ediləcək.
Heyətin vəziyyət məlumatlılığı, yeni nişangah cihazlarının quraşdırılması ilə yanaşı, “Aselsan” şirkətinin KARTALGÖZÜ-200 panoramik müşahidə sisteminin elementlərinin inteqrasiyası ilə də gücləndiriləcək.
Qeyd edək ki, hazırda Çilinin Quru Qoşunları 2007-ci ildə Almaniyadan alınmış 140-a yaxın Leopard 2A4 tankı ilə silahlandırılıb. Bu tanklar əsas Leopard 2A4 tanklarından fərqlənir. Bir vaxtlar bu maşınlar yeni atəşi idarəetmə sisteminin və nişangah cihazlarının quraşdırılmasını əhatə edən modernləşdirməyə məruz qalıb. Bundan başqa, tankın Çili versiyası baza maşınlardan inkişaf etmiş rabitə sistemləri və yüksək hündürlükdə ekstremal şəraitdə işləmək üçün təkmilləşdirilmiş fərqlənir.
Əsas yenilik isə, orijinal Leopard 2 tankının yalnız A6 versiyasında olan uzadılmış lüləli Rhl 120/L55 topunun inteqrasiyasıdır. Topun yeni lüləsi daha böyük məsafədə daha çox zirehdələn müasir kinetik döyüş sursatlarından istifadə etməyə imkan verir.
Yekunda bildirək ki, ASELSAN ilə imzalanmış müqavilənin əsas elementi texnologiya və “nou-hau”nun FAMAE şirkətinə ötürülməsidir ki, bu da Çilinin bu şirkətinin zirehli texnikanın modernləşdirilməsi imkanlarını genişləndirəcək və gələcəkdə müstəqil olaraq “Leopard” 2A4CHL tankları parkının texniki qulluğunu davam etdirəcək.
Əhəd Vahidoğlu