
Kuala Lumpur şəhərində keçirilən DSA-2026 sərgisi çərçivəsində Türkiyənin ASELSAN və Malayziyanın BOUSTEAD şirkətləri arasında peyk rabitə həllərini əhatə edən tərəfdaşlıq sazişi imzalanıb.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, bu addım şirkətin Malayziyada və ümumilikdə Cənub-Şərqi Asiya müdafiə ekosistemində yerli tərəfdaşlıqlarını, uzunmüddətli mövcudluğunu və strateji rolunu daha da gücləndirib.
Sözügedən saziş strateji proqramın birgə həyata keçirilməsi üçün formal çərçivə yaradır. Razılaşma yerüstü və kosmik seqmentlər üzrə SATCOM imkanlarının inkişafını, o cümlədən Malayziyanın potensial GEO peykini əhatə edir. Tərəfdaşlıq həmçinin birgə inkişafı, eləcə də Malayziya Silahlı Qüvvələri daxil olmaqla əsas tərəfdaşlar üçün texniki seminarlar və təlimlər vasitəsilə lokallaşdırmanı dəstəkləyir.
Cənub-Şərqi Asiya ASELSAN üçün əsas strateji region olaraq qalır. Regionda davam edən müdafiə modernləşməsi və inteqrasiya olunmuş arxitekturalar şirkətin “system-of-systems” yanaşması, uzunmüddətli əməkdaşlıq strategiyası və tərəfdaşlığa hazır həlləri ilə uyğunluq təşkil edir. Bu strateji vizyona əsaslanaraq ASELSAN DSA-2026-da hava hücumundan müdafiə, dəniz, quru, avionika, PUA faydalı yükləri, idarəolunan sursatlar, təhlükəsizlik və rabitə sahələrini əhatə edən geniş və inteqrə olunmuş məhsul portfelini nümayiş etdirir.
Əsas təqdim olunan məhsullar arasında “Polad Qübbə” çoxqatlı hava hücumundan müdafiə konsepsiyası, KORKUT antidron sistemi, EJDERHA elektromaqnit antidron sistemi, HHM və quru platformaları üçün faydalı yüklər, ASELFLIR 500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi, TOLUN idarəolunan sursatı, ANTIDOT radioelektron mübarizə podu, KARAT infraqırmızı axtarış və izləmə sistemi kimi avionika və PUA həlləri, eləcə də peyk rabitə həlləri və taktiki məlumat bağlantısı sistemləri kimi rabitə texnologiyaları yer alır.
ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol sərgi ilə bağlı bildirib ki, DSA-2026 çərçivəsində qurulan yeni tərəfdaşlıqlar şirkətin qabaqcıl texnologiyalarına olan etimadın güclü göstəricisidir və Malayziyanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş ortaq öhdəliyi əks etdirir.
“DSA yalnız strateji tərəfdaşlıqların rəsmiləşdirilməsi üçün deyil, həm də çoxşaxəli və inteqrə olunmuş həllərimizin regionun dəyişən təhlükəsizlik ehtiyaclarına necə effektiv cavab verdiyini nümayiş etdirmək üçün mühüm platformadır”, – deyə baş direktor vurğulayıb.





