ASELSAN və “Kazakhstan Engineering” əməkdaşlıqlarını genişləndirmək niyyətindədir

ASELSAN və “Kazakhstan Engineering” əməkdaşlıqlarını genişləndirmək niyyətindədir

Türkiyənin ASELSAN və Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti müxtəlif istiqamətlərdə əməkdaşlıqlarını genişləndirmək niyyətindədirlər.

Bu barədə “Poliqon” “Kazakhstan Engineering” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ötən il Türkiyəyə səfərindən sonra ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə müxtəlif növ məhsulların istehsalına dair razılaşmalar əldə olunub.

Cari və perspektiv layihələr üzrə səmərəli birgə əməkdaşlıq, habelə Qazaxıstanda innovativ texnologiyalar sahəsində irəliləyişin qazanılması və mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Kazakhstan Aselsan Engineering” (KAE) şirkətinin müəssisəsində hərbi və mülki müştərilər üçün radiostansiyalar və rabitə avadanlıqları istehsal edilir.

Şirkət texnologiya transferini həyata keçirib və DMR Tier III standartlarına uyğun peşəkar rəqəmsal radiostansiyaları şəbəkəsini uğurla mənimsəyib.

Hazırda müəssisə Qazaxıstanın güc strukturlarını və agentliklərini müxtəlif tipli radiostansiyalarla təmin edir. Müəssisədə istehsal olunan məhsulların ümumi həcmi 10 min ədədi ötüb.

Qeyd edilib ki, Türkiyənin ASELSAN şirkəti “Kazakhstan Engineering”in mühüm strateji tərəfdaşlarından biridir. Bu çərçivədə tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlıqlarını genişləndirmək niyyətindədirlər.

CATEGORIES
TAGS