
ASELSAN və NAVAMAS şirkətləri Malayziyadakı müştərilər üçün İDA hazırlayacaq
Türkiyənin ASELSAN və Malayziyanın NAVAMAS şirkətləri arasında Malayziya Hərbi Dəniz Qüvvələri, Dəniz Mühafizəsi Agentliyi və bu ölkənin digər son istifadəçiləri üçün missiya yönümlü suüstü insansız dəniz aparatının (İDA) birgə inkişaf etdirilməsi məqsədilə saziş imzalanıb.
ASELSAN-dan “Poliqon”a bildirilib ki, əməkdaşlıq çərçivəsində ASELSAN-ın müasir faydalı yük və avtonom texnologiyaları NAVAMAS-ın yerli gəmiqayırma, sistem inteqrasiyası və platforma uyğunlaşdırma imkanları ilə birləşdiriləcək.
Layihənin məqsədi Malayziyanın dəniz müşahidəsi, təhlükəsizlik və müdafiə hazırlığını gücləndirməkdir.
Tərəfdaşlıq həmçinin yerli sənayenin dəstəklənməsini, texnologiya transferinin təşviqini və uzunmüddətli milli dəniz təhlükəsizliyi hədəflərinə töhfə verməyi nəzərdə tutur. Bu əməkdaşlıq ölkənin strateji dəniz təhlükəsizliyi prioritetlərinin dayanıqlı şəkildə təmin olunmasına xidmət edəcək.


