
ASELSAN yeni nəsil texnologiyalarını ilk dəfə IDEF-2025 sərgisində təqdim edəcək
ASELSAN şirkəti 2025-ci il 22-27 iyul tarixləri arasında Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni nəsil texnologiyalarını nümayiş etdirəcək.
Bu barədə “Poliqon”a ASELSAN şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, ASELSAN, “aselsaneXt” vizyonu çərçivəsində qlobal böyümə strategiyasını uğurla davam etdirərək, dünyanın dörd bir yanından müdafiə sənayesinin beynəlxalq iştirakçılarını bir araya gətirən IDEF sərgisində ən geniş məhsul çeşidinə sahib şirkət olacaq.
Şirkət bir sıra yeni nəsil texnologiyalarını ilk dəfə IDEF sərgisində tədqim edəcək. Belə ki, ASELSAN, yüksək texnologiyalı müdafiə həllərini üç təqdimat mərasimi ilə nümayiş etdirəcək. Eyni zamanda, şirkət hava, quru və dəniz platformaları üçün hazırladığı yeni nəsil müharibə texnologiyalarının təqdimatını da bu sərgidə həyata keçirəcək.
Bundan başqa, KAAN milli döyüş təyyarəsi, ATAK və GÖKBEY helikopterləri, AKINCI PUA üçün şirkət tərəfindən inkişaf etdirilən texnoloji həllər də IDEF-də sərgilənəcək. İxrac yönümlü böyümə strategiyası ilə dünyanın müxtəlif bölgələrinə çatmağı hədəfləyən ASELSAN, bu sərgidə beynəlxalq səviyyədə bir çox yeni əməkdaşlıqlara və sifarişlərə qapı açacaq.
“Dünyanın sayılıb-seçilən sərgiləri arasında yer alan IDEF-də geniş məhsul çeşidimizlə iştirak etməkdən qürur duyuruq. Yarım əsrlik mühəndislik gücümüz və müdafiənin bütün təbəqələrində oyun dəyişdirici yeni texnologiyalarımızı ilk dəfə bu sərgidə təqdim edəcəyik.
Dünyanın hər yerindən gələn müdafiə sənayesi iştirakçıları ilə beynəlxalq əməkdaşlıqları və yeni tərəfdaşlıq imkanlarını müzakirə edəcəyik. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi bizim 50 illik qürur tariximizdə yeni nəsil oyun dəyişdirici texnologiyalarımızın dünyaya yayılması üçün böyük bir fürsət olacaq”, – deyə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol qeyd edib.