
ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilmiş hərbi gəmilər Türkiyə və Rumıniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına təqdim olunub.
“Poliqon” ASFAT-a istinadən xəbər verir ki, bununla bağlı “İstanbul” tərsanəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nikuşor Danın iştirakı ilə mərasim keçirilib.
Mərasim çərçivəsində “CAm. ROMAN” korveti Rumıniya HDQ-nin, “Hisar” sinifli TCG KOÇHİSAR (P-1221) açıq dəniz patrul gəmisi isə Türkiyə HDQ-nin istismarına verilib.
Mərasimdə çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Türkiyə müdafiə ixracında dünyanın 11-ci ən böyük ölkəsi mövqeyindədir: “Ötən ay 996 milyon dollar dəyərində müdafiə və aviasiya məhsulu ixrac edərək tarixi uğura imza atmışıq. 23 il əvvəl illik ixracatımız 248 milyon dollar olduğu halda, bu gün həmin göstəricini cəmi bir həftə ərzində reallaşdırırıq”.
R.T.Ərdoğan Türkiyə hərbi gəmiqayırma sənayesinin son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
“Bu günədək müxtəlif coğrafiyalara 140-dan çox dəniz platforması ixrac etmişik. Ən kiçik qayıqlardan PUA gəmisi ‘TCG Anadolu’ya, destroyerlərdən sualtı qayıqlara, milli təyyarədaşıyan gəmi layihəsi MUGEM-ə qədər bütün suüstü və sualtı platformalarını milli imkan və qabiliyyətlərimizlə inşa edə bilirik”, – deyə Türkiyə Prezidenti bildirib.
Onun sözlərinə görə, Türkiyə hazırda eyni vaxtda ən çox döyüş gəmisi inşa edə bilən ölkələr sırasında yer alır: “Hazırda 15-dən çox dost və müttəfiq ölkə üçün 50-dən artıq döyüş gəmisi inşa edilir. Milli təyyarədaşıyan gəmidən hava hücumundan müdafiə destroyerlərinə, freqatlardan açıq dəniz patrul gəmilərinə, desant gəmilərindən sualtı qayıqlara qədər müxtəlif tip və siniflərdə platformaları 80 faizdən çox yerlilik səviyyəsi ilə inşa edirik.
Bununla yanaşı, müxtəlif tələblərə cavab verən insansız dəniz aparatlarının tədqiqatı, layihələndirilməsi və istehsalı istiqamətində fəaliyyətlərimizi davam etdiririk. Hazırda həyata keçirdiyimiz layihələrin ümumi dəyəri 25 milyard avroya çatıb”.




