ASFAT Türkiyənin Jandarma Qüvvələrinə MEMATT maşınları tədarük edəcək

ASFAT Türkiyənin Jandarma Qüvvələrinə MEMATT maşınları tədarük edəcək

ASFAT şirkəti Türkiyənin Jandarma Baş Komandanlığına MEMATT mexaniki minatəmizləmə maşınları tədarük edəcək.

“Poliqon” ASFAT-a istinadən xəbər verir ki, bununla bağlı şirkət və Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında alqı-satqı müqaviləsi imzalanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları modulyar dizayna sahibdir. MEMATT maşınlarına müxtəlif trallar və mexanizmlər inteqrasiya oluna bilir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.

4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili yerlərdə hərəkət edə bilir. 1700 mm genişliyində və 250 mm dərinliyində təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına qarşı dözümlüdür.

Qeyd edək ki, MEMATT maşınları hazırda Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsindəki minaların təmizlənməsi işində fəal şəkildə istifadə olunur.

Poliqon.az

CATEGORIES
TAGS