Avropada uzun mənzilli raketlər hazırlanacaq

Avropada uzun mənzilli raketlər hazırlanacaq

Avropa min kilometrdən artıq uça bilən uzaqmənzilli qanadlı raketlər – “orta və qısa mənzilli raketlər” anlayışına daxil olan silahlar hazırlamaq niyyətindədir.

“Poliqon” “Frankfurter Allgemeine Zeitung” (FAZ) nəşrinə istinadən xəbər verir ki, Almaniya, Fransa, İtaliya və Polşanın müdafiə nazirləri NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində “Deep Precision Strike” (“Dərin Həssas Zərbə”) kimi tanınan düşmən hədəflərini dəqiq vurmağa qadir olan yüksək dəqiqlikli, uzaqmənzilli silahlar hazırlamaq niyyəti haqqında bəyannamə imzalayıblar.

Lakin hələlik yalnız bu tip silah sistemlərinin inkişaf etdirilməsi niyyəti göstərilir. Razılaşma Ukraynada davam edən müharibə və NATO ölkələrinin gələcəkdə Rusiyanın onlara qarşı təcavüz hazırlaya biləcəyi qorxusu fonunda əldə edilib.

FAZ nəşrinin məlumatına görə, NATO sammiti zamanı müzakirələr zamanı, ilk növbədə, Avropada alyansın hərbi imkanlarında bir sıra “boşluqlar” və ya çatışmazlıqlar müəyyən edilib. Nəşr qeyd edir ki, beş sahə prioritet kimi müəyyən edilib, onlardan biri potensial düşmənin ərazisinin dərinliklərinə zərbə endirmək – “Deep Precision Strike” imkanını dəqiq şəkildə təmin etməkdir. Dörd ölkə tərəfindən imzalanmış niyyət bəyannaməsi xüsusilə bu cür hücumları həyata keçirə bilən silahların hazırlanmasına aiddir. Eyni zamanda, bunun özü çox ümumi xarakter daşıyır, hətta hazırlanacaq silahın təbiəti də bəlli deyil, yəni yeni silahın qanadlı və ya ballistik raket olacağı müəyyən edilməyib.

Qeyd edilir ki, Böyük Britaniya da layihəyə qoşula bilər, lakin istənilən halda onun həyata keçirilməsi bir neçə il vaxt aparacaq.

Sözügedən bəyannamənin əsas məqsədi Rusiyanın ənənəvi çəkindirilməsi üçün min kilometrdən artıq mənzilli yerüstü silahların yaradılmasıdır. O, həm qanadlı raket, həm də səsdən iti sürətə çatmaq qabiliyyətinə malik ballistik raket ola bilər. Hələlik Almaniya Silahlı Qüvvələrinin ixtiyarında yalnız döyüş təyyarələrindən buraxılan və 500 kilometrdən çox məsafə qət edə bilən “Taurus” qanadlı raketi var.

Cari ilin 10 iyul tarixində Pentaqon açıqlamışdır ki, belə bir silahın hazırlanması uzun illər çəkdiyi üçün, Almaniya 2026-cı ildən başlayaraq ABŞ silah sistemlərini, yəni “Tomahawk” qanadlı raketinin yerüstü versiyasını yerləşdirməklə vaxt qazanmaq istəyir.

Qərb mətbuatında PrSM (Precision Strike Missile) qısalması ilə də tanınan “Deep Precision Strike”, ABŞ-nin “Raytheon” şirkəti tərəfindən perspektivli LRPF (Long-Range Precision Fire) proqramının bir hissəsi kimi inkişaf etdirilən hava-kosmik hücum silahıdır.

O, S-400 “Triumf” zenit-raket sisteminin 91N6E və 96L6E müşahidə radiolokasiya stansiyaları ilə 160-240 km məsafədə aşkarlanması mümkün olan, cəmi 300 km məsafəyə və kifayət qədər böyük radiolokasiya siqnaturasına (təxminən 0,2 kv.m) malik ATACMS ailəsinin (MGM-140B və MGM-164B) operativ-taktiki ballistik raketlərinin tamamlanması və sonra isə tamamilə əvəz edilməsi üçün nəzərdə tutulur.

“Jane`s” xəbər və hərbi-analitik nəşrinin məlumatına görə, bu günə qədər əsas iş spektri tamamlanıb. Belə ki, 2018-ci ilin iyul ayında “Deep Precision Strike” raketinin maket-nümayişetdiricisi əvvəllər hazırlanmış yeni tipli (ATACMS raketinin standart 610 mm diametrli konteynerindən daha kiçik ölçülü) nəqletmə-buraxma konteynerinə inteqrasiya edilib.

Bundan sonra, avionikasının (inersial naviqasiya sistemləri, optik-elektron korrelyasiya sensorları və aerodinamik sükan ötürücüləri daxil olmaqla) son təkmilləşdirməsindən keçən “Deep Precision Strike” raketləri M270 MLRS yaylım atəşli reaktiv sistemlərin (YARS) tırtıllı özüyeriyən buraxma qurğularından, eləcə də M142 HIMARS YARS təkərli buraxma qurğularından istifadə üçün uyğunlaşdırılacaq.

Yaxın 3-5 il ərzində “Deep Precision Strike” raketlərinin NATO blokunun Avropa üzvü dövlətləri ilə “Raytheon” şirkəti arasında hökumətlərarası xarici hərbi satışlar (FMS) proqramı vasitəsilə bağlanmış çoxsaylı müqavilələrə daxil ediləcəyi, bundan sonra Rumıniya və Polşa MLRS YARS döyüş dəstlərinin dolduracağı heç kəsi təəccübləndirməyəcək.

Əhəd Vahidoğlu

CATEGORIES