Avropanın EUROMALE RPAS proqramı icra olunacaq

Avropanın EUROMALE RPAS proqramı icra olunacaq

EUROPEAN MALE RPAS (Medium Altitude Long Endurance Remotely Piloted Aircraft System və ya “Eurodrone”) proqramının həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Belə ki, İspaniya Avropanın MALE tipli pilotsuz uçuş aparatı (PUA) proqramında iştirakını rəsmən təsdiqləyib.

Bu barədə “Poliqon” “Airbus Defense & Space” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Almaniya, Fransa və İtaliya hökumətlərinin təsdiqindən sonra İspaniya hökumətinin “Eurodrone” proqramının büdcəsini təsdiq etməsi Avropanın strateji muxtariyyətini və suverenliyini gücləndirən bu əsas birgə proqram üçün müqavilənin imzalanmasına yol açır.

Maksimal uçuş kütləsi 11 ton olan ikimühərrikli PUA müxtəlif sensorlar və aviasiya silahları da daxil olmaqla 2,3 ton ağırlığında faydalı yük daşıya biləcək. Mülki istifadə sertifikatı əldə etmək üçün isə PUA-nın maksimal sürəti 270 düyün (500 km/saat), həmçinin faydalı yükündən və icra etdiyi tapşırıq profilindən asılı olaraq maksimal uçuş müddəti 18-40 saat olmalıdır. Layihəyə əsasən PUA-nın uzunluğu 16 m, qanad açıqlığı 26 m və praktiki uçuş tavanı 13700 m olacaq.

“Eurodrone” PUA “Airbus Defense & Space” (Almaniya), “Dassault Aviation” (Fransa) və “Leonardo” (İtaliya) şirkətləri tərəfindən Almaniya, Fransa, İtaliya və İspaniya üçün hazırlanır. Proqram Avropa Müdafiə Agentliyinin (European Defense Agency – EDA) dəstəyi ilə həyata keçirilir. Layihənin ümumi dəyəri 7,1 milyard avro, bir kompleksin dəyəri isə 160 milyon avro qiymətləndirilir.

Əldə edilmiş razılaşmaya əsasən tərəfdaş ölkələrin hər biri ümumilikdə 21 ədəd “Eurodrone” kompleksi almağı öhdələrinə götürüblər. Bu sistemlərin hər biri 3 ədəd PUA-dan və köməkçi yerüstü infrastrukturdan ibarətdir.

Xatırlatmaq yerinə düşər ki, MALE tipli PUA ilə yanaşı, Avropada nEUROn (Dassault nEUROn) pilotsuz stels-bombardmançı təyyarə də hazırlanır. Layihə Fransanın “Dassault Aviation” şirkəti tərəfindən inkişaf etdirilir və layihədə “Saab AB” (İsveç), “RUAG Aerospace” (İsveçrə), “EAB” (Yunanıstan), “EADS CASA” (İspaniya) və “Alenia” (İtaliya) şirkətləri də iştirak edir. Təyyarənin uzunluğu 9,5 m və qanad açıqlığı 12,5 m-dir. Kütləsi boş vəziyyətdə 4,5 ton, tam uçuş vəziyyətində isə 6,0 tondur. Maksimal uçuş sürəti 850 km/saatdır.

Male

MALE RPAS (“Eurodrone”) PUA-nın tam ölçülü maketi

male2

MALE RPAS (“Eurodrone”) PUA-nın ölçüləri göstərilmiş cizgisi

male3

NEURON pilotsuz stels-bombardmançı təyyarə

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS