Avstraliya HIMARS YARS-lar ilə silahlanır

Avstraliya HIMARS YARS-lar ilə silahlanır

Avstraliya hökuməti ABŞ-dan HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) satın alacaq.

“Poliqon” xəbər verir ki, bununla bağlı Avstraliyanın yerli KİV-lərində məlumat yer alıb.

Məlumatda bildirilib ki, Avstraliya hökuməti Ordunun döyüş qabiliyyətini artırmaq üçün “Lockheed Martin” şirkətindən 700 milyon ABŞ dolları dəyərində təxminən 20 ədəd HIMARS YARS satın alacaq. Alınacaq YARS-lar isə 2026-cı ilə qədər Avstraliya Silahlı Qüvvələrinə çatdırılacaq və onların istifadəsinə veriləcək.

Qeyd edilib ki, hökumətin bu YARS-ları almasının səbəbi HIMARS-ların Ukraynada işğalçı Rusiyaya qarşı keçirilən əməliyyatlarda effektiv və uğurlu şəkildə istifadə olunması, habelə özünün döyüş meydanında sübuta yetirə bilməsidir.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.

Bu qurğu 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.

Poliqon.az

 

CATEGORIES
TAGS