Avstraliya K9 “Thunder” haubitsası istehsal edəcək

Avstraliya K9 “Thunder” haubitsası istehsal edəcək

Avstraliya Cənubi Koreyanın K9 “Thunder” özüyeriyən artilleriya qurğularını (ÖAQ) istehsal edəcək.

“Poliqon” xəbər verir ki, Avstraliya və Cənubi Koreyanın Müdafiə Nazirlikləri dəyəri təxminən 730 milyon ABŞ dolları olan müqavilənin imzalandığını açıqlayıblar.

Avstraliya Ordusu “Land 8116 Protected Mobile Fires” proqramının birinci mərhələsi çərçivəsində 30 ədəd ÖAQ və 15 ədəd köməkçi maşın alacaq. İstehsal “Hanwha Defense Australia” müəssisəsində aparılacaq. Özüyeriyən qurğuların tədarükü 2025-2027-ci illər üçün planlaşdırılır.

Qeyd etmək lazımdır ki, müqavilənin belə yüksək qiymətini şərtləndirən istehsalın lokallaşdırılmasıdır. Gələcəkdə Avstraliya Müdafiə Nazirliyi satınalmaların həcmini genişləndirməyi (Land 8116 Protected Mobile Fires proqramının ikinci mərhələsi), həmçinin ÖAQ-nın təkmilləşdirilməsini müstəqil həyata keçirməyi planlaşdırır.

Bundan başqa, Avstraliya Silahlı Qüvvələri K9 “Thunder” ÖAQ-ın xüsusi versiyasını alacaq və o, AS9 “Huntsman” adlanacaq. Avstraliya modifikasiyası gücləndirilmiş zireh, köməkçi sistemlərin mövcudluğu və yüksək səviyyədə avtomatlaşdırma ilə Cənubi Koreya versiyasından fərqlənəcək.

K9 “Thunder” 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Cənubi Koreyanın Müdafiə Nazirliyi 1989-cu ildə “Samsung Techwin” şirkətinə yeni ÖAQ-ın hazırlanmasını sifariş etmiş və on il sonra ilk K9 “Thunder” silahlanmaya daxil olmuşdur. Qurğu 40 km-dən çox məsafədən, “ağıllı” Excalibur mərmilərindən istifadə edərkən isə 50 km-dən çox məsafədən hədəfləri yüksək dəqiqliklə vura bilir.

2016-cı ildə K9 “Thunder” ÖAQ-ın əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi planları elan edilib. Təkmilləşdirmə zamanı onun qülləsinin tamamilə robotlaşdırılması, heyət sayının isə beşdən ikiyə endirilməsi nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS