Avstraliya yeni PDM seçir
Avstraliya Müdafiə Nazirliyi ordunun təchizatı üçün yeni piyadanın döyüş maşınını (PDM) seçir.
“Poliqon” xəbər verir ki, keçirilən tenderin finalında Cənubi Koreyanın “Hanwha Defense Systems” şirkətinin AS21 “Redback” və Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserninin KF-41 modifikasiyasında “Lynx” PDM-ləri yarışır.
“Hanwha Defense Systems” şirkəti tərəfindən yayımlanan yeni videoçarxda “Redback” PDM-in sınaqlarının əsas məqamları göstərilir. Həmçinin videoçarx bu PDM-in Avstraliya Müdafiə Nazirliyinin elan etdiyi “LAND 400 Phase 3” tenderindən uğurla keçdiyini göstərir. Avstraliya Müdafiə Nazirliyinin tezliklə qalibi elan edəcəyi gözlənilir.
Qeyd edək ki, AS21 “Redback” PDM Cənubi Koreya Ordusunda silahlanmada olan K21 PDM-in dərindən təkmilləşdirilmiş versiyasıdır. “Hanwha Defense Systems” şirkəti onu Avstraliya Ordusunun köhnəlmiş M113AS4 tırtıllı döyüş maşınlarının əvəzini seçəcəyi “LAND 400 Phase 3 – Mounted Close Combat Capability” proqramının iştirakçısı kimi təqdim edir.
AS21 “Redback” döyüş maşını üç heyət üzvü də daxil olmaqla on bir nəfəri qəbul edə bilir. K21 PDM ilə müqayisədə AS21 zireh və aktiv müdafiə sistemləri də daxil olmaqla təhlükəsizlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Yaradıcılar hələ silahlarla bağlı məlumat verməyiblər, halbuki K21 ştat olaraq 40 mm çaplı yüksək atəş tezliyinə malik avtomatik topla təchiz edilir. Bundan başqa, əvvəllər bu PDM bazasında 105 mm çaplı silahı olan yüngül tank təqdim edilib.
Xatırladaq ki, baza variantında K21 PDM 26 ton ağırlığındadır və 12 nəfəri qəbul edə bilir. Döyüş maşınının əsas silahı 40 mm-lik avtomatik topdur. Alüminium zireh heyəti və desantı iri çaplı zirehdələn güllələrdən qoruyur. 740 at gücündəki mühərrik PDM-ə saatda 70 km sürətlə hərəkət etməyə, yüngül lehimli zireh isə su maneələrindən üzüb keçməyə imkan verir.