Azərbaycan ABŞ-dan MERC katerləri alır

Azərbaycan ABŞ-dan MERC katerləri alır

Azərbaycan ABŞ-ın “United States Marine Inc” (USMI) şirkətindən  EOD (partlayıcı sursatların məhv edilməsi) əməliyyatları üçün nəzərdə tutulan 15 ədəd kater alır.

Azeri Defence saytının ABŞ Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində həyata keçiriləcək tədarükün dəyəri 7 572 364 ABŞ dolları təşkil edir.

ABŞ-ın Dəniz Sistemləri Komandanlığı (NAVSEA) tərəflər arasında imzalanmış müqavilənin icrasına nəzarət edəcək. 9 metrlik MERC (Multi-Use EOD Response Craft) adlı katerlər Missisipi ştatının Gulfport bölgəsində inşa ediləcək.

Müqavilə çərçivəsində 9M MERC katerləri üç versiyada – OCC (“Open Center Console”), “Cabin” və NOMWC inşa ediləcək. Kompozit materiallardan hazırlanan MERC katerlərinin 2022-ci ilin aprelinə qədər Azərbaycana çatdırılacağı planlaşdırılıb.

Bu günə qədər USMI şirkəti MERC katerlərinin OCC və “Cabin” adlı iki versiyasını təqdim edib. Uzunluğu 9 metr təşkil edən MERC katerləri 2 ədəd “Mercury Verado” 250 HP 4 benzin mühərriki ilə təchiz edilir.

MERC katerin maksimum sürəti 39+ uzl, kreyser sürəti 30+uzl təşkil edir. Kater .50 kalibrli (12.7 mm-lik) pulemyotla silahlandırılır. Katerlər patrul, nəqliyyat, təxliyyə, o cümlədən dalğıc əməliyyatları kimi müxtəlif missiyalarda istifadə edilə bilər.

 

 

CATEGORIES
TAGS