Azərbaycan Türkiyədən hansı pilotsuz uçuş aparatları ala bilər?

Azərbaycan Türkiyədən hansı pilotsuz uçuş aparatları ala bilər?

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 21-də “Real TV”yə müsahibəsində Türkiyədən pilotsuz uçuş aparatlarının alına biləcəyini vurğulayıb.

“Azeri Defence”nin məlumatına görə, Azərbaycanın Türkiyədən PUA-ların alınması məsələsinə baxdığını deyən nazir hansı tip pilotsuz uçuş aparatlarının alınacağı barədə əlavə məlumat verməyib.

“Azeri Defence” PUA-ların satın alınması barədə ehtimalları araşdırıb.

Əvvəla qeyd edək ki, Türkiyənin istehsalı olan iki növ MALE sinif PUA “Bayraktar TB2” və “Anka”, həmçinin iki növ kamikadze PUA – “Karqu” və “Alpaqu” Suriya və Liviyada keçirilən əməliyyatlarda istifadə edilərək döyüş sahəsində sözünü deyib və müharibə referansları mövcuddur.

Adıçəkilən PUA-ların tətbiqi ilə Suriyada qarşı tərəfin silahlanmasında yer alan çox sayda canlı qüvvə, hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri – 8 ədəd “Pansir-S1” zenit-raket-top kompleksi və bir ədəd “Buk M1” zenit-raket kompleksi məhv edilib. Liviyada da bəzi məlumatlara görə 5 ədəd “Pansir” zərərsizləşdirilib.

ankas

Anka-S

2018-ci ildə TUSAŞ şirkətinin rəsmiləri “Azeri Defence” jurnalına açıqlamalarında Azərbaycan Hərbi Hava Qüvvələrinin peyk üzərindən idarə olunan “Anka-S” PUA ilə yaxından maraqlandıqlarını bildirmişdilər. “Anka-S”in sınaqların keçirilməsi üçün bu il Azərbaycanda keçirilməsi planlaşdırılan “Turaz Qartalı” Azərbaycan-Türkiyə HHQ-nin birgə təliminə gətirilməsi nəzərdə tutulsa da, məlum COVİD-19 pandemiyası ilə əlaqədar təlim və sınaq təxirə salınıb.

Azərbaycan mütəxəssisləri “Anka-S”in daha yüksək performansa sahib olduğunu, peyk üzərindən idarəetmə ilə yanaşı silahlı zərbə PUA kimi də istifadə oluna biləcəyi baxımından daha yüksək dəyərləndirirlər.

“Anka-S”in indiyədək iştirak etdiyi əməliyyatlarda verdiyi itki sayı da digərləri ilə müqayisədə dəfələrlə azdır.

Digər tərəfdən, “Anka-S”in istehsalında və komplektləşdirilməsində yerlilik payının yüksək olması, mühərrik, peyk rabitəsi və elektro-optik müşahidə komplekslərinin yerliləşdirilməsi bu PUA-nın xaricə problemsiz ixracına imkan verir.

bayraktar

Bayraktar TB2

“Bayraktar TB2” üçün də görüşmələr davam edir. Bir neçə il əvvəl Müdafiə naziri Zakir Həsənov “Baykar Makina” şirkətinin zavodunda olmuş və görüş keçirmişdir. Məlumatlara görə, karantindən əvvəl Bakıya səfər edən “Baykar Makina”nın nümayəndə heyəti Azərbaycan tərəfi ilə görüşüb və müzakirələr aparıb.

Azərbaycanın diqqətini cəlb edən Türk PUA-ları sırasında “gəzən sursat” adlandırılan “Karqu” və “Alpaqu” da var. Sürü şəklində qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilən bu PUA-lar bir neçə ildir Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada və ölkə ərazisində keçirilən antiterror əməliyyatlarında istifadə olunur.

MRS6725

STM şirkətinin baş direktoru Murat İkinci Müdafiə naziri Zakir Həsənova “Karqu” kamikadze PUA barədə məlumat verərkən

Ötən illərdə STM şirkəti tərəfindən Azərbaycanın hərbi qurumları üçün adıçəkilən kamikadze PUA-lardan “Karqu”nun təqdimatı keçirilib.

Türk PUA-larından söz düşmüşkən, Azərbaycanı maraqlandıran və satın alınması mümkün ola bilən məhsullardan biri də hədəf dronlardır.

Əvvəlki illərdə TUSAŞ şirkətinin istehsalı olan “Durna” və “Şimşək” adlı hədəf dronlarının alınması üçün görüşlərin keçirildiyi mediada yer alıb. Son olaraq 2019-cu ilin dekabr ayında adıçəkilən hədəf dronlar Azərbaycan HHQ-nin təlimində test edilib.

Qeyd edək ki, Azərbaycan HHQ-i “Heron TP” və “Aerostar” tipli taktik PUA-lara sahib olsa da adıçəkilən PUA-lar silah daşımır.

CATEGORIES
TAGS