Xəbərlər

Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistanın Hərbi Hava Qüvvələri komandanının müavini hava marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Pakistanlı marşal Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığının perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Back to top button