Azərbaycanda kosmik əlaqələdirmə şurası yaradılıb

Azərbaycanda kosmik əlaqələdirmə şurası yaradılıb

Azərbaycanın Kosmik Məsələlər üzrə Şurası yaradılıb, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilib.

Bu barədə Azeri Defence saytı Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat verib.

Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübəni öyrənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi məqsədilə qeyd olunan Şura yaradılıb.

Əsasnaməsində Şuranın funksiyaları, hüquqları, strukturu və fəaliyyətinin təşkili müəyyənləşdirilib.

Əsasnaməyə əsasən Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir və Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Şura kosmik sahədə həyata keçirilən proqramların və görülmüş işlərin monitorinqini aparır, normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinİ və nəticələrinin təhlil edir, habelə onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və aidiyyəti qurumlara (orqanlara) müvafiq təkliflər və tövsiyələr verir. Kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.

Bu Qərarla Şuranın tərkibinə İqtisadiyyat naziri,  Fövqəladə Hallar naziri, Maliyyə naziri, Kənd Təsərrüfatı naziri, Ekologiya və Təbii Sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi daxil edilib.

Şuraya rəhbərlik Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilmiş sədr tərəfindən həyata keçirilir.

CATEGORIES
TAGS