Azərbaycanda MEMATT mexaniki minatəmizləmə maşınlarının sınaqları keçirilib

Azərbaycanda MEMATT mexaniki minatəmizləmə maşınlarının sınaqları keçirilib

Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti tərəfindən istehsal edilən MEMATT mexaniki minatəmizləmə maşınlarının Azərbaycanda sınaqları keçirilib.

Bu barədə “Poliqon” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib. İlk ixracı Azərbaycana edilən MEMATT-ların sınaqlarını Azərbaycan Silahlı Qüvvələrinin Mühəndis-İstehkam Qoşunlarının rəisi general-mayor Anar Kərimov və ASFAT rəsmiləri izləyib. Bakı yaxınlığındakı poliqonda keçirlən sınaqlar zamanı MEMATT ərazidə döşənən bütün minaları məhv edib və sınaqları uğurla tamamlayıb.

Testlərdən sonra mexaniki minatəmizləmə maşınlarını idarə etmək üçün beynəlxalq kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara sertifikatlar təqdim edilib. General-mayor Anar Kərimov MEMATT-ların tezliklə erməni işğalından azad edilmiş ərazilərdə minaların təmizlənməsi işlərində istifadə ediləcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınlarının tədarükünə dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində MEMATT maşınlarının ilk partiyası Azərbaycana çatdırılıb. Müqaviləyə uyğun olaraq, MEMATT mexaniki minatəmizləmə maşınlarının növbəti partiyasının yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi planlaşdırılıb.

Yaradılması 14 ay ərzində milli imkanlar hesabına həyata keçirilmiş MEMATT-ın bütün sınaq və sertifikasiya prosesləri tamamlanıb. Xarici analoqları ilə müqayisədə daha keyfiyyətli və maliyyəti uyğun olan MEMATT-ın Türkiyə Silahlı Qüvvələrindən sonra ilk istifadəçisi Azərbaycan Ordusudur.

Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

Qeyd edək ki, Türkiyədən alınan müasir tələblərə cavab verən texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.

CATEGORIES
TAGS