
Azərbaycanın aldığı MEMATT mexaniki minatəmizləmə maşınları hansı imkanlara malikdir
Xəbər verildiyi kimi Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında MEMATT mexaniki minatəmizləmə maşınlarının tədarükünə dair imzalanmış müqavilə çərçivəsində MEMATT maşınlarının ilk partiyası sifarişçiyə çatdırılıb.
ASFAT şirkətindən “Poliqon”a verilən məlumata görə, müqaviləyə uyğun olaraq, Azərbaycana qısa müddətdə 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınının ixracı planlaşdırılıb.
Yaradılması 14 ay ərzində milli imkanlar hesabına həyata keçirilmiş MEMATT-ın bütün sınaq və sertifikasiya prosesləri tamamlanıb.
“Xarici analoqları ilə müqayisədə daha keyfiyyətli və maliyyəti uyğun olan MEMATT Türkiyə Silahlı Qüvvələri ilə bərabər Azərbaycanın da silahlanmasına daxil olur. Bu layihədə digər önəmli bir nöqtə də sektorumuzun sertifikasiya qabiliyyətinin tamamilə milli imkanlar ilə həyata keçirilməsidir”, – deyə şirkət qeyd edib.
Layihə çərçivəsində Türkiyənin Milli Mina Əməliyyatları Mərkəzi (MAFAM) tərəfindən MEMATT sertifikasiyadan keçirilib. Bununla da MAFAM layihə sayəsində beynəlxalq sertifikasiya qabiliyyətinə sahib bir təşkilata çevrilib.
Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.
4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.
Qeyd edək ki, Türkiyədən alınan müasir tələblərə cavab verən texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.