“Azərkosmos” ISPRS üzvlüyünə qəbul olunub

“Azərkosmos” ISPRS üzvlüyünə qəbul olunub

“Azərkosmos” “Fotoqrammetriya və Yerin Məsafədən Müşahidəsi üzrə Beynəlxalq Cəmiyyət”in (ISPRS) üzvlüyünə qəbul olunub.

“Azərkosmos” ASC-dən Azeri Defence saytına verilən məlumata görə, 1910-cu ildə yaradılmış ISPRS cəmiyyəti sahəsi üzrə ilk təşkilat hesab olunur. Cəmiyyət fotoqrammetriya, məsafədən müşahidə və məkan məlumatlarını əhatə edən sahələrdə fəaliyyət göstərən 200-ə yaxın üzv qurum, assosiasiya, şirkət, elm və təhsil mərkəzlərini özündə birləşdirir və onlar arasında əməkdaşlıq münasibətlərini gücləndirir.

ISPRS-də elmi tədqiqatla məşğul olan tədqiqatçılar, mühəndis və mütəxəssislər bir araya gələrək peyk və aero təsvirlər vasitəsilə həllər üzərində çalışır, Yerin məsafədən öyrənilməsi problemlərində müzakirələr keçirirlər.

“Azərkosmos” ASC ISPRS-ə üzv olmaqla məsafədən müşahidə, o cümlədən Coğrafi İnformasiya Sistemləri sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə fəal və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq imkanı əldə edib.

Eyni zamanda Cəmiyyətə üzvlük sayəsində “Azersky” optik peyk təsvirlərinin dünyada aparılan elmi tədqiqatlarda geniş istifadə olunmasını təbliğ etmək, bu sahənin inkişaf tendensiyalarını və perspektivlərini daha yaxından öyrənmək fürsəti yaranmış olacaq.

Qeyd edək ki, bu gün “Azersky” peykinin dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərini birbaşa, qeyd-şərtsiz çəkmək imkanı var. Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərini  kənd təsərrüfatı, ekologiya və ətraf mühit, kadastr və xəritəçəkmə, fövqəladə hallar, dənizdə və quruda neft çirklənmələrində istifadə edir.

Həmçinin, peyk təsvirlərinin analizi, müxtəlif formatlarda ortofotoların hazırlanması, təsvirlər əsasında dəyişikliklərin müəyyən edilməsi və bu kimi digər əlavə dəyər xidmətlər də təqdim olunur. Bununla  yanaşı, “Azersky”ın imkanları ilə “Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” üzrə ölkədəki, xüsusilə regionlarda sosial-iqtisadi və texnoloji inkişafa dəstək verilir.

CATEGORIES
TAGS